Zelenski Bundestaqda çıxışı zamanı Almaniyanı ittiham edib

# 14:31
17 mart 2022

“Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”.

 

APA TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Bundestaqında videoformatda çıxışı zamanı deyib.

 

O bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması bir başqa məsələdir: “Mən başa düşürəm ki, bu siyasətdir, lakin bu, həm də prinsiplərin özəyidir. Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik. Siz Rusiya ilə biznesə davam etdiniz.

 

Biz xəbərdarlıq edirdik ki, “Şimal axını -2” silahdır. Cavabı isə belə olurdu ki, bu iqtisadiyyatdır, biznesdir”, - deyə Ukrayna Prezidenti qeyd edib.

 

Vladimir Zelenski alman deputatlara müraciətində açıq şəkildə Holokosta istinad edib: “Hər il siyasətçilər “bir daha heç vaxt” deyirlər. İndi görürəm ki, bu sözlərin heç bir dəyəri yoxdur. Avropada bir xalq məhv edilir”, - deyə Zelenski vurğulayıb.

 

Ukrayna dövlət başçısı videomüraciətində Almaniyanı Rusiyanın Avropada ucaltdığı yeni “divar”ı dağıtmağa kömək etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR