Zəngəzur dəhlizi İrəvanla birləşəcək: İki yol çəkilir
”Zəngəzur dəhlizi Sovetlər birliyi zamanındakı kimi yox, Ağbənddən Mehriyə, oradan da Naxçıvan, İrəvan və İstanbula getməlidir”.
APA TV xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında söyləyib: ”Bu gün Cənab Prezident qarşıya məqsəd qoyub ki, artıq bu yol dolanbac yox, Ağbənddən Mehriyə, orada Naxçıvan, İrəvan, İstanbula getməlidir. Bu yol 4-6 cərgədən ibarət olacaq. Yolun artıq 70 faizi hazırdı”.
Agentlik sədri deyib ki, keçmişdə mövcud olan Bakı, Hacıqabul, Sabirabad, Saatlı, Bəhrəmtəpə, Horadiz, Cəbrayıl, Zəngilan, Mincivan, Qacaran, Qafan, Mehri, Ordubad Naxçıvan yol xətti mövcud olub. Hazırda bu yol da bərpa olunmalıdır: ”Bayaq saydığım yol bərpa olunmalıdır. Yoxsa alternativi olmayan yolu ödənişli yol edə bilmərik. Ödənişli yol etmək üçün həmin yolun keçdiyi ərazilərdə kənd və qəsəbələrlə birləşmək üçün alternativ yol olmalıdır. Həmin yollar bərpa olunduqdan sonra yeni salınacaq yolu ödənişli yol kimi təqdim edəcəyik”.
AAYDA-nın rəsmisi onu da bildirib ki, hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.
Semral Cavad
Fariz Quluyev
APA TV