Zəngəzur dəhlizindən Tacikistan da istifadə edə bilər

# 17:51
25 aprel 2022

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Tacikistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev, Azərbaycan Xarici işlər nazirliyinin nümayəndəsi Bünyad Həsənov, Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Türkmənistan səfirləri və nümayəndələri, siyasilər və media mənsubları iştirak ediblər.

 

Mərkəzin rəhbəri Fərid Şəfiyev bildirib ki, Tacikistan-Azərbaycan əlaqələri 30 ildən çoxdur müsbət dinamik xətt üzrə inkişaf edir. O vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün zəngin imkanlar mövcuddur.

 

Daha sonra çıxış edən Tacikistan səfiri Rustam Soli iki ölkə arasındakı əlaqələrin inkişafından, tarixi yaxınlıqdan danışaraq Azərbaycan və Tacikistanın dövlət strukturları arasında əlaqələrin inkişafı məqsədilə işçi qruplar yaradıldığını bildirib: “Ölkələr arasında normativ-hüquqi baza 62 sənəddən ibarətdir və hazırda daha 20 sənəd baxılma prosesindədir. 2020-ci ilin aprel ayında Bakıda Tacikistan Ticarət Evi açılıb. Hesab edirik ki, Bakı və Düşənbə arasında birbaşa reysin açılması da iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfəsini verəcək. Biz bunun üzərində iş aparırıq. COVID-19 pandemiyası Azərbaycan və Tacikistan münasibətlərinə təsir etməyib. Biz yeni əməkdaşlıq proqramları üzərində işləyirik, gələcəkdə iki ölkə arasında birbaşa uçuşlar, başqa əməkdaşlıqlar olacaq. İkitərəfli münasibətlərin gələcəkdə də dərinləşəcəyinə əminəm".

 

“Biz istəyirik ki, Cənubi Qafqaz stabillik, sülh regionu olsun” deyən səfir, bildirib ki, Azərbaycan və Tacikistan beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq edir və həmçinin hərbi sahədə uğurlu əməkdaşlıq mövcuddur.

 

Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır, bu iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bunu isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistan Respublikasında keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev deyib. O bildirib ki, səfirliklər münasibətlərə töhfə verib, hüquqi baza yaradıb: “Hələ də istifadə edilməyən potensial var. İki ölkə arasında tərəfdaşlığın güclənməsində bu potensialdan istifadə etmək lazımdır. Son 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi regionda təhlükəsizliyə, onun inkişafına mane olub. Torpaqlarımızın işğaldan azad olunması ilə təkcə regional əməkdaşlıq üçün yox, həm də Azərbaycanın digər ölkələrlə münasibətlərinin dərinləşməsinə imkan yaranıb”.

 

Deputat Aydın Mirzəzadə isə deyib ki, Tacikistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, 44 günlük müharibə dövründə Azərbaycanın haqq mübarizəsinə dəstəyini ifadə edib.

 

“İki ölkə arasında həm qarşılıqlı, həm də beynəlxalq təşkilatlar daxilində uğurlu əməkdaşlıq mövcuddur” - Bunu isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı Bünyad Hüseynov deyib. O qeyd edib ki, iki ölkə arasında təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində münasibətlər inkişaf edir və hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. Bünyad Hüseynov xüsusi olaraq vurğulayıb ki, Zəngəzur dəhlizi ölkələr üçün faydalı imkanlar açır və Tacikistan da bundan istifadə edə bilər.

 

Fuad Sadıqov,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR