Zəngilan hava limanının tikintisi bu il başa çatacaq
Zəngilan hava limanının tikintisi davam edir.
APA TV xəbər verir ki, 2021-ci ilin aprelin 26-da təməli qoyulan aeroportun ərazisi mina və partlamamış hərbi sursatlardan təmizləndikdən sonra uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı, sahəsi 60 min kvadratmetr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perron, uzunluğu 600 metr sükan yolu inşa olunur.
Terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq standartlara uyğun inşa edilir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları mövcud olacaq.
Terminal binasının beton işləri və metal-konstruksiya işləri tamamlanıb. Fasad və dam örtüklərində tamamlama işləri davam edir. Tikinti işlərində istifadə olunan avadanlıqlar İtaliya, Almaniya və Türkiyədən gətirilib. Avqust ayında terminal binasının tamamlanması nəzərdə tutulur. Beləliklə Zəngilan Hava Limanı buraya gələn qonaqlarını qarşılamağa hazır olacaq.