Zibilliyə atılan körpəni tapan şəxs APA TV-yə danışdı - YENİ FAKTLAR

# 16:40
7 iyul 2021

Sumqayıtda zibillikdən tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.

APA TV-nin araşdırmasına görə, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Əməkdaşlarımızın apardığı araşdırma nəticəsində körpənin “Yaşıldərə” yaşayış massivinin III məhəllə ərazisində olan nəzarətsiz tikilidə tapıldığı məlum olub.

Yeni doğulmuş körpəni sözügedən ərazidə yaşayan Əli Hümbətov tapıb: “Uşaq həyətdə top oynayan zaman topu düşdü yola. Bura kimi gəldim. Götürəndə gördüm uşaq səsi gəlir. Gəldim belə baxanda gördüm klokun içində uşaq atıblar. De bura, elə bil ki, zaborun arxasına. Kulokda gətirib qoymuşdular ora. Götürmədim. Uşaqlara dedim ki, ədyal gətirin, ədyala qoyum aparın. Kulok cırılar, düşər uşaq. Ədyalı gətirdilər sərdim burda, apardım həyətdəki divanın üstünə qoydum. Müəyyən qurumlara zəng elədim, 102-yə zəng elədim, təcili yardıma zəng elədim. Onlar gəldilər baxdılar. Evdə də gətirdilər, göbəyi kəsilməmişdi, göbəyin kəsdilər. Götürdülər apardılar doğum evinə”.

Sumqayıtda Perintal Mərkəzə yerləşdirilən körpənin vəziyyətinə gəldikdə isə Mərkəzin rəhbəri Təranə Rəcəbli deyir ki, uşağın müalicə və müayinəsi davam edir: “Yeni doğulmuş yarımçıq uşaqdır. 34-35 hestasiya yaşındadır. Belə təyin elədik. Çəkisi 1 kiloqram 660 qram, boyu 40 santimetrdir. Körpə gətirilərkən göbək ciyəsi təcili tibbi yardım həkimləri tərəfindən işlənmişdir. Raqovin sıxacı qoyulmuşdur. Hal-hazırda xəstənin yeni doğulmuşlar şöbəsində müalicə və müayinəsi davam edir. Vəziyyəti qənaətbəxş hesab olunur. Orta ağırlıqdadır”.

Sumqayıt şəhər Polis İdarəsi uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aparır.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR