Nazir müavini: "Bu il bizim Rusiyaya əmtəə ixracımız 55 faizdən çox artıb”

Nazir müavini: "Bu il bizim Rusiyaya əmtəə ixracımız 55 faizdən çox artıb”
# 11 sentyabr 2017 15:29 (UTC +04:00)

Rusiya paytaxtında 26-cı "Worldfood Moscow 2017" Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunur.

Azərbaycanın eksklüziv tərəfdaşı olduğu "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsulları vahid ölkə stendi ilə nümayiş olunur.

Vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə yerli şirkətlərimizin istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim edilir.

Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadi inkişaf nazirinin müavini Sahil Babayev açılış mərasimində Azərbaycanın ilk dəfə bu mötəbər sərgidə "Made in Azərbaijan" milli stendi ilə təmsil olunduğunu söyləyib: "Stendimizdə Azərbaycanın 30-dan çox şirkəti öz məhsullarını təqdim edir. Azərbaycanın məhsulları özünün keyfiyyəti, orqanikliyi və rəqabət qabiliyyətliliyi ilə seçilir".

Azərbaycan-Rusiya münasibətlərindən danışan nazir müavini bildirib ki, iki ölkə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir: "Ölkələrimiz arasında münasibətləri strateji əməkdaşlıq əlaqələri kimi səciyyələndirmək olar. Ötən ilin göstəricilərinə nəzər salsaq, Rusiya Azərbaycanın əmtəə dövriyyəsində ixrac sahəsində, o cümlədən neft ixracı sahəsində birinci yeri tutur. Bu il bizim Rusiyaya əmtəə ixracımız 55 faizdən çox artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR