MM sədri: “Azərbaycan həmişə separatçılığın əleyhinə çıxış etdiyini əməli ilə göstərib”

MM sədri: “Azərbaycan həmişə separatçılığın əleyhinə çıxış etdiyini əməli ilə göstərib”
# 05 dekabr 2016 16:03 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Serbiya baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Serbiya Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir.

O qeyd edib ki, Azərbaycanla Serbiya arasında 25 sənəd imzalanıb, 12 sənəd üzərində iş davam etdirilir: “Heç də təsadüfi deyil ki, 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilmiş seçkilərdə Serbiya nəinki Azərbaycanın namizədliyini dəstəkləyib, həm də ölkəmizin xeyrinə lobbiçilik fəaliyyəti göstərib. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını hər zaman sübut edib, Kosovoda olduğu kimi, həmişə separatçılığın əleyhinə çıxış etdiyini əməli ilə göstərib. Bu bölgədə o dövrdə baş verən hadisələrlə əlaqədar Azərbaycan öz sülhməramlılarını birinci olaraq Kosovodan çıxarıb”.

O. Əsədov bildirib ki, ölkələrimiz arasında mədəni-humanitar münasibətlər də yüksələn xətlə inkişaf etməkdədir. “Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Serbiyanın Novı Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsinin və Belqraddakı “Bayraqlı Cami” məscidinin təmir-bərpası, ölkə paytaxtının “Taşmaydan Parkı”nda görkəmli siyasi xadim Heydər Əliyevin, Bakıda isə serb alimi Nikola Teslanın şərəfinə abidələrin ucaldılması buna parlaq misaldır”.

Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr məsələnin həllində Serbiyanın Azərbaycanın mövqeyini dəstəkləməsinin önəmini vurğulayıb.

N. Stefanoviç isə Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. O qeyd edib ki, Serbiya parlamentinin sədri olduğu dövrdə ölkəmizə səfər edə bilməsə də, budəfəki gəlişi onda böyük təəssüratlar oyadıb. O, ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, gələcəkdə də həyatın bütün sahələrində əlaqələri dərinləşdirmək niyyətində olduğunu bildirib. Regional münaqişələrdən söz açan N. Stefanoviç bildirib ki, Dağlıq Qarabağ probleminin həllində Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR