Federal Ehtiyat Sistemi faiz dərəcələrini dəyişəcəkmi? - TƏHLİL

Federal Ehtiyat Sistemi faiz dərəcələrini dəyişəcəkmi? - <span style="color: red;">TƏHLİL
# 07 sentyabr 2015 11:50 (UTC +04:00)

Hər il Kanzas Ehtiyat Bankı tərəfindən Vayominqdə dünyanın ən iri ölkələrinin mərkəzi banklarının rəhbərlərinin iştirakı ilə ənənəvi görüş keçirilir. Bu görüşlərdə adətən dünyada baş verən proseslər, aktual məsələlər, xüsusən, ABŞ iqtisadiyyatında cari vəziyyət və planlar müzakirə olunur. ABŞ iqtisadiyyatının dünyaya güclü təsirini nəzərə alsaq, aydındır ki, burada aparılan müzakirələr və onların nəticəsində qəbul olunan qərarlar və atılan addımlar bütün dünya iqtisadiyyatı tərəfindən izlənilir. Bəzi hallarda qəbul edilən qərarlar, hətta sadəcə məruzələr dünya iqtisadiyyatına birbaşa təsir edir. Avqustun sonlarında keçirilmiş görüş müəyyən dərəcədə daha vacib və gözlənilən olub. Əvvəlcədən qeyd etmək lazımdır ki, görüş ənənəvi olaraq tam qapalı keçirilir, hətta burada aparılan müzakirələr sirli qalır və yalnız gələcək addımlardan bilinir ki, görüşdə hansı əhval-ruhiyyə hökm sürüb.

Builki görüşün vacibliyi son aylar ərzində dünya iqtisadiyyatında baş verən neqativ proseslərdən doğur. Buraya ilk növbədə neftin ucuzlaşmasını və Çində iqtisadi sarsıntıları aid etmək lazımdır. Lakin əsas olaraq görüşdə ilk növbədə ABŞ iqtisadiyyatının cari vəziyyəti müzakirə olunur və Federal Ehtiyat Sisteminin addımlarına bütün dünya miqyasında olan diqqəti nəzərə alaraq, hazırda ABŞ-ın daxili prosesləri dünya iqtisadiyyatına təsiri bəlkə daha böyük ola bilər. Söhbət bu ilin payızında, yəni ən yaxın vaxtlarda FES tərəfindən faiz dərəcələrin artırıb-artırmayacağı barədə qəbul edəcəyi qərardan gedir. Bu məsələyə bir qədər ətraflı toxunmaq lazımdır.

Görüş barədə yeganə məlumat mənbəyi FES-in sədr müavini Stenli Fişerin məruzəsidir. Gözlənilən kimi, məruzədə atılacaq addımlar barədə heç nə yoxdur, yalnız tezislər sadalanır. Hazırda ABŞ-da bir neçə son makroiqtisadi göstərici gözlənilməz səviyyədə müsbətdir. Məsələn, daşınmaz əmlak bazarında davamlı müsbət tendensiya yaranıb, satışlar artır və artmaqdadır. Bunun əsas səbəbləri kimi əhalinin gəlirlərinin artmasını və borcalmanın ucuz olmasını qeyd etmək olar. Birinci amilin səbəblərdən biri məşğulluq bazarında müsbət vəziyyət, işsizliyin azalmasıdır. İkinci amilin səbəbi isə FES-in rekord səviyyədə aşağı olan faiz dərəcələrindən əsaslanan maliyyə sektorunda faiz dərəcələrin aşağı olmasındadır. Daşınmaz əmlak bazarından başqa bütün istehlak bazarında tələbatın artımı qeydə alınıb. Bütün bunlar ölkə iqtisadiyyatını dəstəkləyir və ölkədə iqtisadiyyatın sağlamlaşma proseslərinin güclənməsindən xəbər verir. Hazırda yeganə saxlayıcı amil inflyasiyadır.

Dünya iqtisadi böhranından sonra ABŞ-da rekord səviyyədə yumşaq pul-kredit siyasəti həyata keçirildi ki, bunun əsas məqsədi iqtisadiyyatın dəstəkləməsi olub. Digər makroiqtisadi göstəricilərlə yanaşı inflyasiya üzrə də hədəf göstərici qəbul edilib. Hədəf göstərici kimi 2% nəzərdə tutulur. Və digər göstəricilərdən fərqli olaraq inflyasiya öz proqnoz səviyyəsinə çatmayıb. Bu amil FES tərəfindən pul-kredit siyasətinin müəyyən dərəcədə sərtləşdirilməsi, faiz dərəcələrini rekord aşağı səviyyədən bir qədər qaldırması üçün yeganə maneədir. S. Fişer öz məruzəsində inflyasiyaya böyük diqqət yetirir, səbəbləri açıqlayır, lakin gələcək addımlar üzrə heç bir konkret fikir söyləmir. Yalnız bildirir ki, inflyasiyanın əsas səbəbləri dünyada enerji daşıyıcıların ucuz olması və dolların məzənnəsinin yüksək olmasıdır. Maraqlıdır ki, S. Fişer məruzəsində qeyd edib ki, neftin indiki ucuzlaşması birdəfəlik xarakter daşıyır və ucuzlaşmanın davam etməsi üçün əsaslar yoxdur. Belə bir fikir nədən yaranıb, aydın deyil. Hər halda bu iki əsas amil ABŞ-da inflyasiyanı aşağı çəkir və FES-in hazırkı mövqeyi belədir ki, yaxın vaxtlarda hansı addımların atılmasını avqust-sentyabr aylarının makroiqtisadi statistikası (ilk növbədə inflyasiya) göstərəcək.

İstiqamətlər isə məlumdur. Bu, ya faiz dərəcələrinin artırılmasıdır, ya da onların indiki 0-0,25% səviyyəsində saxlamasıdır. Bir tərəfdən faiz dərəcələrin qaldırılması ABŞ-ın marağındadır. Birincisi, bu, ölkədə iqtisadiyyatının tam sağlamlaşması göstərici olacaq, ikincisi, xəzinə istiqrazlarını bir qədər ucuzlaşdıracaq və onları daha ucuz geri almaq mümkün olacaq. Digər tərəfdən, stimullaşdırıcı tədbirlərin dayandırması əldə edilən nəticələri kökündən kəsə bilər. Və nəhayət, faiz dərəcələrin artırılması nəticəsində yarana biləcək mənfi xarici mühit öz növbəsində ABŞ iqtisadiyyatına mənfi təsir edə bilər. Belə ki, bəzi analitiklərin fikrincə, faiz dərəcələrin yüksəldilməsi nefti daha da ucuzlaşdıra bilər ki, bu da ABŞ-da deflyasiya tendensiyasını yenidən bərpa edə bilər. Bundan başqa hər hansı bir qərarın qəbul olunması zamanı Çində baş verənlər nəzərə alınmalıdır. Qeyd edək ki, iyun-avqust aylarında Çin ona məxsus ABŞ-ın xəzinə istiqrazlarının bir hissəsini satıb. Dəqiq rəqəm yoxdur, lakin söhbət təxminən 300 mlrd. dollarlıq istiqrazdan gedir. Bu satışların əsas səbəbi yuanın ucuzlaşmasını qarşısı almaq üçün valyuta müdaxiləsidir. Çin valyuta bazarına müdaxilə etmək üçün istiqrazları sataraq dollar kütləsi alıb və onu valyutasının sabitləşməsinə yönəldib. Məlumdur ki, Çin ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısıdır (ümumi portfel 1,3 trln. dollara yaxındır). Əgər Çin satışları davam etdirsə, bu, ABŞ üçün heç bir pozitiv nəticə gətirməyəcək və amerikan iqtisadiyyatında yenidən bəzi makroiqtisadi, xüsusən də maliyyə problemləri yarana bilər. Belə olan halda FES faiz dərəcələrin qaldırılması məsələsini müəyyən qədər təxirə sala bilər. Çünki indi hər hansı bir kəskin addımların atılması üçün münasib vaxt deyil. Əksinə, əgər Çində baş verənlərdən sonra aydın oldu ki, Çin iqtisadiyyatı və onun uğurları, maliyyə alətlərinin qiymətləri həddən artıq şişirdilib. ABŞ-da isə əsas makroiqtisadi göstəricilər onun iqtisadiyyatının proqnozlardan daha güclü və davamlı olduğunu göstərir. İndi bu vəziyyəti dəyişmək tamamilə yersiz olardı.

Bundan əlavə bir sıra əlavə amillər də var. Məsələn, əgər inkişaf etmiş bazarlarda sarsıntılar davam etsə, ABŞ-da isə sabitlik və faiz dərəcələri aşağı səviyyədə saxlansa, iri investorlar inkişafda olan bazarlardan yenidən ABŞ-a üz tutacaqlar. Bu isə korporativ sektora dəstək olacaq və hökumət tərəfindən dəstək proqramlarına ehtiyac olmadığına gətirib çıxaracaq.

Bütün bunlar onu da göstərəcək ki, hazırda ABŞ iqtisadiyyatı dünyada gedən proseslərə ən çox təsir edən iqtisadiyyat statusunu qoruyub, Çinin iqtisadi yüksəlişi isə müvəqqəti olub. Vayominq görüşünə dünyada böyük diqqət artıq bunu sübut edir. Məsələn, Rusiyanın bəzi analitiklərin fikrincə, FES faiz dərəcələrini qaldırsa, neftin ucuzlaşması və ardınca rublun kəskin dəyərdən düşməsi baş verəcək. Çində son kəskin qərarlar, yuanın devalvasiyası, maliyyə bazarında qeyri-sabitlik və sair kimi hadisələr bu dərəcədə taleyüklü amil kimi qiymətləndirilməyib. Digər amillərdən başqa, bu həm də dolların dünya miqyasında rolundan irəli gəlir, çünki, FES-in hər hansı addımı dolların məzənnəsinə təsir göstərəcək. İki-üç həftə əvvəl əksər investisiya institutlarının analitikləri proqnoz verirdi ki, sentyabrda FES uçot dərəcəsini qaldıracaq və bu, müsbət makroiqtisadi göstəricilərlə əsaslandırılacaq. Lakin indi bu proqnoza tam əmin olanların sayı elə böyük deyil, çünki bu addımın ABŞ iqtisadiyyatına birmənalı müsbət təsir göstərəcəyi sual altındadır. S. Fişerin məruzəsindən belə başa düşmək olar ki, FES-in qərarı əsasən inflyasiya üzrə son statistikadan asılı olacaq, lakin əminliklə demək olar ki, qərar qəbul ediləndə bütün amillər, o cümlədən yuxarıda qeyd etdiyimiz faktorlar nəzərə alınacaq. S. Fişer məruzəsində konkret bir söz deməsə də, sonda bu ehtimalı təsdiqləyir. Onun sözlərinə görə, hazırda FES Çində və digər inkişafda olan iqtisadiyyatlarda baş verənləri əvvəlkində daha diqqətlə izləyir. Bundan əlavə o bəyan edib ki, əgər xarici amillər ABŞ iqtisadiyyatına təsir edirsə, ABŞ-ın iqtisadiyyatı və eyni zamanda iqtisadi siyasəti digər ölkələrə təsir edib və bu baxımından siyasətdə qeyri-müəyyənlik artıq özü bir neqativ təsiredici amildir.

“FES-in məqsədləri ilk növbədə Birləşmiş Ştatlarının iqtisadiyyatı üçün müəyyən olunur, lakin hesab edirəm ki, ölkədə güclü və sabit makroiqtisadi mühitin dəstəklənməsi ilə biz həm də qlobal iqtisadiyyata xidmət edirik”, - deyə o bəyan edib. Bir qədər pafos sözlərdir, lakin belə əhval-ruhiyyə ABŞ tərəfindən kəskin və tarazlaşdırılmamış qərarlar qəbul edilməyəcəyinə dair ehtimalları gücləndirir. Xüsusən də nəzərə alaq ki, indi iqtisadi sağlamlaşma hələ də o səviyyəyə çatmayıb ki, dəstəklənmə siyasətindən sterilizasiya siyasətinə keçməyə zərurət olsun. FES-in qərar qəbul etmə vaxtına qədər nə isə ciddi dəyişməsə, çox güman ki, faiz dərəcələrində dəyişiklik olmayacaq və dünya iqtisadiyyatında ciddi sarsıntılar təhlükəsi yan keçəcək.

Vahab Rzayev/ APA Analitik Mərkəzi

1 2 3 4 5 İDMAN XƏBƏR

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR