ADU-da “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTOSESSİYA

ADU-da “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2013 08:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən ADU-nun tərbiyəvi işlər üzrə prorektoru Ələddin Əliyev FHN-in fövqəladə halların aradan qaldırılması sahəsində respublika miqyasında geniş miqyaslı işlər gördüyünü bildirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov fövqəladə hallara hazırlıqla bağlı məlumatlı olan gənclərin fövqəladə hallarda ailələrinə yardım göstərə biləcəyini qeyd edib.

FHN Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi - idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə danışıb. O, hər bir kəsin hər zaman fövqəladə hallarla rastlaşa biləcəyini söyləyib: “Azərbaycanda 17 yaşına qədər şəxslər fövqəladə hallarda hərəkət qaydalarını bilməli, 17 yaşından yuxarı olan şəxs fövqəladə hallarda həm hərəkət qaydalarını bilməli, həm də yaxınlıqda olanlara kömək etməyə hazır olmalıdır”. Daha sonra FHN-in fəaliyyət istiqamətləri ilə bağlı video-çarx nümayiş etdirilib.

FHN Bakı Regional Mərkəzinin Statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov fövqəladə halların təsnifatından söz açıb.

FHN Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin baş zabiti, baş leytenant Pərviz Əliyev kollektiv mühafizə vasitələri barədə məlumat verib. O, radiasiya əleyhinə daldalanacaqlardan istifadə qaydalarını açıqlayıb.

FHN Bakı Regional Mərkəzinin təşkilati səfərbərlik bölməsinin baş zabiti, baş leytenant Toğrul Vəliyev ADU tələbəsi Zümrüd İsmayılova ilə birlikdə fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat verib: “Zəlzələ zamanı giriş və eyvan qapısının yaxınlığında durmaq lazımdır, liftdən istifadə etmək, kibrit yandırmaq qadağandır. Qasırğa və burulğan zamanı qapı və pəncərəni bağlamaq, qazı söndürmək, radioqəbulediciləri hazır vəziyyətdə saxlamaq, pəncərədən uzaqda durmaq, zirzəmidə daldalanmaq lazımdır”.

FHN Bakı Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rauf Məmmədov yanğın-partlayış və nəqliyyat qəzası zamanı davranış qaydalarından söz açıb.

FHN Bakı Regional Mərkəzinin Radiasiya, bioloji və kimyəvi təhlükəsizlik sektorunun baş məsləhətçisi Pərvin Ələkbərova ADU-nun tələbəsi Cavidan Qasımlı ilə radiasiya xarakterli fövqəladə hallarda davranış qaydaları barədə məlumat verib.

FHN Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin daxili xidmət baş leytenantı Elşən Zeynalov terror təhlükəsi barədə danışıb.

Tədbirdə ADU-nun tələbələri vətənpərvərlik yönümlü mahnılar ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR