10 başdan ibarət ilk ceyran sürüsü Azərbaycandan Gürcüstana yola salınıb

10 başdan ibarət ilk ceyran sürüsü Azərbaycandan Gürcüstana yola salınıb
# 21 oktyabr 2013 13:05 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə qeyd olunub ki, bu layihə ilə ceyranların Qafqazın tarixi ərazilərinə reintroduksiyası prosesinə start verilib.

Tədbirdə 10 başdan ibarət ilk ceyran sürüsü Azərbaycandan Gürcüstana yola salınıb. Qeyd olunub ki, ceyran sürüsünün reintroduksiyası Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında həyata keçirilir.

Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirinin müavini Şalva Amiredjili bildirib ki, bu çox mühüm layihədir. Regionda biomüxtəlifliyin bərpası istiqamətində mühüm addımdır. Növbəti mərhələdə isə həm Azərbaycan, həm də Gürcüstan ərazisində zubrların təbii areallara bərpası layihəsi həyata keçiriləcək.

Azərbaycan ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərini icra edən Hüseyn Bağırov isə bildirib ki, hazırda Azərbaycanda 9 min baş ceyran mövcuddur. Ötən müddət ərzində Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilib. 110 başadək ceyran tarixi ərazilərinə qaytarılıb: “Artıq Azərbaycanda ceyranların bərpası və çoxaldılması istiqamətində aparılan işlər öz nəticələrini verir. Düşünürəm ki bu layihə və həyata keçirilən tədbirlər çərçivəsində ceyran mövzusunu bioloji müxtəliflik problemləri sırasından birdəfəlik çıxaracağıq”.

H.Bağırov bildirib ki, Gürcüstana verilən ceyranların üzərinə xüsusi avadanlıqlar qurulub. Bu avadanlıqlar ceyranın olduğu yeri, onun orqanizminin fəaliyyətini nəzarətdə saxlamağa imkan verir. Nazir deyib ki, Gürcüstan tərəfi bundan əvvəl Türkiyədən ceyran alsa da, onlar Qafqaz iqliminə uyğunlaşa bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR