Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəməsi davam etdirilib

Deputatın qətldə təqsirləndirilən qardaşı oğlunun məhkəməsi davam etdirilib
# 19 sentyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə R. Mirələmova verdiyi ifadə ilə bağlı dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən suallar verilib. Daha sonra prosesdə şahid Zamin Hüseynovun məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib. Məhkəmə həbsdə olan zərərçəkmiş şəxslər - Elnur Qasımov və digərlərinin də məhkəmə zalına gətirilməsi və ifadələrinin alınması barədə qərar verib.

Proses oktyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR