Əli Əkbər Salehi: “İran ABŞ və Rusiyanın Suriya ilə bağlı təklifini dəstəkləyir”

Əli Əkbər Salehi: “İran ABŞ və Rusiyanın Suriya ilə bağlı təklifini dəstəkləyir”
# 14 may 2013 07:17 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran Suriyadakı böhrandan çıxış yollarını müzakirə etmək üçün ABŞ və Rusiyanın beynəlxalq konfrans keçirilməsi təklifini müsbət qarşılayır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Almaniyanın “Der Speigel” həftəlik dərgisinə müsahibəsində deyib.

O bildirib ki, İran Suriyadakı böhranın aradan qaldırılması məqsədilə keçirilən beynəlxalq konfransa dəvət edilməyib: “Ancaq İran bu beynəlxalq konfransa dəvət edildiyi təqdirdə qətiyyətlə qatılacaq. Çünki İran regionun önəmli ölkələrindən sayılır və Suriya iqtidarı ilə müxalifət arasında müzakirə təşkil etmək imkanına malikdir. Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasının əsas şərt olmaması İran üçün önəmlidir. Suriyadakı böhrana yalnız dinc çıxış yolları ilə son qoyula bilər”.

Ə. Salehi İran-Misir əlaqələrinə də toxunub: “Biz Suriya məsələsi ilə bağlı rəsmi Qahirə ilə möhkəm əməkdaşlıq edirik. İki ölkə də Suriyaya xarici müdaxilənin edilməməsi, bu ölkənin ərazi bütövlüyünün qorunmasına zəmanət verilməsi və ölkə iqtidarı və müxalifəti tərəfindən keçid hökumətinin təşkil edilməsi kimi üç məsələdə ortaq məxrəcə gəliblər”.

İran xarici işlər naziri həmçinin terrorçuların Suriyada kimyəvi silahlardan istifadə etmələrini pisləyib: “İran kütləvi silahlardan istifadəni və onların istehsalını pisləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR