Prezident İlham Əliyev: “Azərbaycanda siyasi məhbus yoxdur”

Prezident İlham Əliyev: “Azərbaycanda siyasi məhbus yoxdur”
# 24 iyun 2014 16:11 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli – APA. «Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə dünənki uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbüs kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserin də bu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxışından sonra irlandiyalı deputat Mikael Maknamaranın Azərbaycanda siyasi məhbusların olması barədə sualına cavabında deyib.

Dövlət başçısı Azərbaycanın qəsdən ortaya atılmış təxribatın qurbanına çevrildiyindən təəssüfünü ifadə edib: “Biz dəqiq bilirik ki, bunun səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Sizin qəzetlərdə oxuduqlarınız Azərbaycana hücum etməkdə maraqlı qüvvələr tərəfindən təqdim edilib. Bir də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur. O vaxt cənab Ştrasserin hazırladığı hesabat elə burdaca, bu zalda süquta uğramışdı. Çünki o hesabat böhtan xarakterli, yalan məlumatlar üzərində qurulmuşdu, siz indi eyni şeyi etmək istəyirsiniz. Siz Assambleyanın mövqeyini dəyişmək istəyirsiniz, amma yenə təkrar edirəm ki, bizdə siyasi məhbus yoxdur. Bundan başqa, Azərbaycan İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür və bütün belə məsələləri bu məhkəmədə qaldırmaq olar. Biz bu Məhkəmənin qərarlarına hörmətlə yanaşırıq. Bir daha təkrar edirəm, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR