İsmayıllı hadisələrinə görə tutulanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

İsmayıllı hadisələrinə görə tutulanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 10 fevral 2014 15:18 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki Ağır Cinayətlər Məhkəməsində ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə hadisələr zamanı çəkilən videogörüntülərə baxılıb. Daha sonra təqsirləndirilən şəxslərdən Elşən İsmayıllının ibtidai istintaq zamanı çəkilmiş videosu, Tofiq Yaqublu və İlqar Məmmədovun Bakıdan zəng etmiş jurnalistlərdən biri ilə telefon danışığının səs yazı nümayiş etdirilib. Həmin səs yazısında onlar jurnalistə polis əməkdaşları tərəfindən 40 dəqiqə saxlanıldıqlarını, sonra isə sərbəst buraxıldıqlarını deyiblər.

Proses fevralın 11-də davam etdiriləcək.

Qeyd edək ki, günün birinci yarısında keçirilən proses zamanı sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun oğlu Vüqar Ələkbərov və İsmayıllı rayonun sabiq icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov zərərçəkmiş qismində ifadə veriblər.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR