Baş Prokurorluqda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Baş Prokurorluqda Heydər Əliyevin 91 illiyinə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2014 13:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixinin 30 ildən artıq dövrü dərin təfəkkürə və güclü iradəyə malik dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır: “Məhz onun mətinliyi və zəkası, dəyanəti və cəsarəti, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzüağ çıxaraq çətinliklərə sinə gərə, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib”.

Z.Qaralov qeyd edib ki, Heydər Əliyev Azərbaycan Respublikasının hələ Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə, dahiyanə uzaqgörənliklə ölkəmizin gələcək müstəqilliyinin qüdrətli iqtisadi əsaslarını formalaşdıran və xalqımızın öz müstəqilliyi uğrunda mübarizəyə hazırlanması işinə hərtərəfli dəstək verib. Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olub, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulub, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilib. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılıb, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilib.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılıb. Dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olub. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.

Çıxışının sonunda Baş prokuror Azərbaycan prezidenti cənab İlham Əliyevi əmin edib ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri QSC tərəfindən hazırlanmış «Ömür. Tale. Epoxa» adlı film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR