Serbiyada ADR-in yaradılmasının 95-ci ildönümü qeyd edilib - FOTO

Serbiyada ADR-in yaradılmasının 95-ci ildönümü qeyd edilib  - <span style="color: red;">FOTO
# 29 may 2013 12:47 (UTC +04:00)

Bakı-APA. Mayın 28-də Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Hayat Regency” otelində Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç və xanımı Draqitsa Nikoliç, baş nazirin müavini, daxili və xarici ticarət və telekommunikasiya naziri Rasim Lyayiç, tikinti və urbanizasiya naziri Velimir İliç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Təntənəli tədbirdə Serbiya və Azərbaycan dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov 95 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib.

Səfir bu günün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz tarixi günlərindən biri olduğunu və müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan səfir, Azərbaycan-Serbiya münasibətlərinin dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamış, əlaqələrin bu səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını qeyd edib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Balkanlarda yaşayan həmvətənlərimizin təşəbbüsü ilə bu günlərdə Azərbaycan baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyevin serb dilinə tərcümə olunaraq Belqrad şəhərində nəşr etdirilmiş “Ölüm hökmü” kitabının təqdimat mərasimi keçirilib.

Elçin Əfəndiyev çıxış edərək Azərbaycan prezidenti cənab İlham Əliyevin salamlarını Serbiya prezidenti Tomislav Nikoliçə və serb xalqına çatdırıb.

Tədbirdə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç çıxış edib. O, Azərbaycan xalqını və dövlətini 28 May – Respublika Günü münasibəti ilə təbrik edərək, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulayıb və ölkələr arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Tədbir çərçivəsində keçirilmiş “Ölüm hökmü” kitabının təqdimatı ilə əlaqədar Serbiyanın tanınmış yazıçısı, ədəbiyyat tənqidçisi Yasmina Mixayloviç və Belqrad Universitetinin professoru, ədəbiyyatşünas Predraq Petroviç əsər haqqında öz təəssüratlarını iştirakçılarla bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR