Masallıda sahibkarlar üçün treninq keçirilib

Masallıda sahibkarlar üçün treninq keçirilib
# 28 noyabr 2013 14:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Masallı rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, treninq «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları», «Cənub regionunda turizmin inkişaf perspektivləri» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında olub.

Tədbirdə Avropa Birliyinə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda təqdimat keçirilib.

Treninqdə həmçinin, turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumatlandırılıblar.

Sonda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR