Azərbaycan Mərkəzi Bankı İstehlakçı İnamı və İnflyasiya Gözləntiləri indekslərinin hesablanmasına başlayıb

Azərbaycan Mərkəzi Bankı İstehlakçı İnamı və İnflyasiya Gözləntiləri indekslərinin hesablanmasına başlayıb
# 05 noyabr 2013 14:40 (UTC +04:00)

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğunun nəticələri əsasında İstehlakçı İnamı İndeksi və İnflyasiya Gözləntiləri İndeksi hesablanır.

Sorğuda iştirak edən respondentlər (4 250 ev təsərrüfatı) ölkənin bütün regionlarını əhatə etməklə respondentlərin gəlir səviyyəsinə, məşğuliyyət növünə, iş rejiminə, təhsilinə, yaşına və cinsinə görə təsnifləşdirilib.

«Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri» sorğusunun keçirilməsi üçün metodoloji baza kimi Avropa Komissiyası tərəfindən qəbul edilmiş «The Joint Harmonised EU Programme of Business and Consumer Surveys», İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Statistika Departamenti tərəfindən hazırlanmış «Business Tendensy Surveys: A Handbook» metodoloji təlimatlarından və eləcə də bu işə hazırlıq dövründə İsveçrənin SEKO təşkilatının dəstəyi ilə iqtisadi konyunkturanın müşahidəsi ilə məşğul olan KOF İnstitutunun (İsveçrə) texniki dəstəyindən istifadə edilib.

Sorğunun nəticələri xarici təcrübədə ən geniş istifadə olunan «balans metodu» ilə qiymətləndirilib. «Balans metodu» pozitiv və neqativ cavablar arasındakı fərqi əks etdirir. Alınmış fərq komponent üzrə hər hansı bir təzahürü xarakterizə edən indeks adlanır və bazis bəndi ilə qiymətləndirilir. Pik nöqtələrinə yaxınlaşma komponent üzrə meylin güclənməsini və ya zəifləməsini əks göstərir.

Sorğunun nəticələrinə görə, bu ilin sentyabr ayında İstehlakçı İnamı İndeksi 30,01 bazis bəndi səviyyəsində hesablanıb. Bu indeks beynəlxalq təcrübədə kifayət qədər yüksək hesab olunur və istehlakçıların gözləntilərinin, əhval-ruhiyyəsinin optimist olmasını əks etdirir. Eyni zamanda, respondentlər gələcək aylarda inflyasiyanın aşağı səviyyədə gözlədiklərini də bildiriblər.

Ev təsərrüfatları arasında bu sorğunun mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu sorğuların nəticələri inflyasiyanın və digər makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR