“Əbədi sevgi” qala konserti və “Sibir” operasının biletləri satışa çıxarılıb

“Əbədi sevgi” qala konserti və “Sibir” operasının biletləri satışa çıxarılıb
# 19 oktyabr 2013 12:24 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Mərkəzində noyabrın 2-də keçiriləcək "Ədəbi sevgi" qala konserti və noyabrın 3-də təqdim olunacaq "Sibir" operasının biletləri oktyabrın 18-dən satışa çıxarılıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, biletlərin qiyməti 2 noyabr "Əbədi sevgi" qala konserti üçün 20, 30 və 40 AZN, 3 noyabr "Sibir" operası üçün 20, 30 və 40 AZN-dir.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından (Heydər Əliyev prospekti, 1) əldə etmək olar.

Xatırladaq ki, noyabrın 2-də Rusiyanın Xalq Artisti Dmitri Bertmanın quruluşunda “Əbədi sevgi” qala konserti Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan tamaşaçılarına təqdim ediləcək.

Konsert proqramına ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər daxildir. Teatrın solistləri əfsanəvi “Bitlz” (The Beatles) qrupunun, Merilin Manro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demis Russos (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından mahnılar ifa edəcəklər.

Noyabrın 3-də isə Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarı Umberto Cordanonun (Umberto Giordano) rus həyatından bəhs edən “Sibir” operası təqdim ediləcək. Bu səhnə əsəri iki gəncin təmtəraqlı çar Peterburqunda başlayıb, katorqada faciəvi sonluqla bitən sevgi hekayəsi barəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR