BMÜTT baş katibi dünyada turizm sahəsindəki mövcud vəziyyəti və inkişaf perspektivlərini açıqlayıb

BMÜTT baş katibi dünyada turizm sahəsindəki mövcud vəziyyəti və inkişaf perspektivlərini açıqlayıb
# 04 aprel 2014 08:01 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, T.Rifai deyib ki, qlobal iqtisadi böhrandan sonra dünya iqtisadiyyatının bərpa prosesinə, bir çox geosiyasi proseslərə, təbii fəlakətlərə baxmayaraq, dünyada turistlərin sayı ilk dəfə 1,87 milyard nəfərə çatıb, 2013-cü ildə 5% artıb.

Asiya, Sakit okean və Afrikada turizmin inkişafında 6%, Avropada 5% artım qeydə alınıb. Ayrılıqda Mərkəzi və Şərqi Avropa ölkələrində turizmdə 7% inkişaf əldə olunub: “2013-cü ildə dünyada turizmdən əldə edilən gəlirlər hələ tam hesablanmayıb. Ancaq biz bu sahədə 1,5 milyard dollar artım gözləyirik. Keçən il Çin dünya ölkələrinə 47 milyon insan göndərib, bu turistlər 57 milyard dollar xərcləyiblər. Rusiya da 40 milyondan çox turist göndərib, onlar 54 milyard dollar xərcləyiblər. Braziliya turistləri 25 milyard dollar xərcləyiblər. Avropa ölkələrinin turistlərinin payına isə dünyada turistlərin xərclədiyi vəsaitin 52%-i düşür”.

T.Rifai 2014-cü ildə turizm sahəsində 4%-dən çox artım gözlədiklərini bildirib: “Asiya və Sakit okean hövzəsində 6%, ABŞ və Avropada 4-5% artım gözlənilir. ABŞ və Avropada faiz göstəricisi aşağı olsa da, bu göstəricilər stabildir”.

BMÜTT baş katibi vizaların sadələşdirilməsi, vergi və nəqliyyatın turizmin inkişafında mühüm rol oynadığını söyləyib: “BMÜTT-də məlumat bazası var, istənilən ölkənin viza sahəsindəki durumu, çatışmayan cəhətləri barədə məlumatlıyıq. Dünya ölkələrinin 67%-də viza almaq üçün konsulluğa müraciət etmək lazımdır. Bu, yaxşı rəqəm deyil. Ancaq irəliləyiş var, 2012-ci ildə bu göstərici 77% idi. Cənub-Şərqi Asiya ölkələrində viza sahəsində sadələşdirmə daha yüksəkdir. Dünya ölkələrinin turistlərinin yalnız 11%-i Cənubi-Şərqi Asiya ölkələrinə getmək üçün viza almalıdır”.

BMÜTT baş katibi turizmin inkişafı üçün “ağıllı vergi”dən istifadəni zəruri sayıb: “Dünya ölkələrinin 51%-də insanlar öz ölkələrinə təyyarə ilə gəlməyə üstünlük verir. Ona görə də hava nəqliyyatının inkişafına diqqət yetirilməlidir. Hava nəqliyyatının inkişafı sahəsində tədbirlər, konfranslar keçirəcəyik”.

T.Rifai sosial-iqtisadi dayanıqlığın turizmin inkişafında vacib rol oynadığını vurğulayıb. O, qlobal Turizm Məcəlləsinə imza atan ölkələri arasında Azərbaycanın da olduğunu nəzərə çatdırıb: “BMÜTT əsasən iki fəaliyyətlə məşğul olub. Birincisi, üzv ölkələrlə əməkdaşlıq edilib, turizmin inkişafına dəstək verilib. BMÜTT-də üzvlərlə əlaqələrə cavabdeh olan komitə yaradılıb. İstənilən üzv ölkə ilə əlaqələr bu komitə tərəfindən qurulacaq. İkincisi, BMÜTT-də tədqiqatlar və nəşrlər komitəsi yaradılıb. Bu komitə normativ sənədlərin yaradılmasına xidmət edəcək”.

T.Rifai BMÜTT-in son 6 il ərzində maliyyə baxımından artımsız fəaliyyət göstərdiyini bildirib: “2012-ci ilin balansı 12 milyon 924 min avro təşkil edib. 2013-cü ili heç bir defisit olmadan başa vurmuşuq. Eyni zamanda ölkələrin könüllü vəsaitləri hesabına Ehtiyat Fondu yaradılıb. İanə verməyən ölkələrdən tədricən ianələri qəbul edirik. Büdcədən kənar fondların artırılmasına çalışırıq, hazırda sərəncamımızda 2 milyon avro var. Çalışırıq ki, ölkələrin ödədikləri ianələr onlarla bağlı proqramlara sərf edilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR