Rezidenturaya qəbul imtahanlarının keçiriləcəyi yeni tarixlər açıqlanıb

Rezidenturaya qəbul imtahanlarının keçiriləcəyi yeni tarixlər açıqlanıb
# 30 yanvar 2014 11:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları verilib. Qaydalara əsasən qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək. Bu vaxta kimi isə rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi sentyabr ayında ardıcıl şəkildə iki gün ərzində keçirilib.

İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq. Ötən ildə olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.

Qeyd edək ki, rezidenturaya qəbul elanı, ixtisas fənləri üzrə qəbul proqramları, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və plan yerləri haqqında məlumatlar jurnalın növbəti saylarında dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR