Brüsseldə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Beçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

 Brüsseldə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Beçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTO
# 11 mart 2015 16:20 (UTC +04:00)

Bakı - APA. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Fluxys” şirkətinin birgə təşkilatçılığı ilə Brüsseldə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Beçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

TEAS-dan APA-ya verilən məlumata görə, konfransda Azərbaycanın hazırda və gələcəkdə enerji təchizatçısı və tranzit ölkə kimi oynadığı rol diqqət mərkəzində olub.

Tədbirdə aralarında nazirlər, diplomatlar, belçikalı siyasətçilər və iş adamları da olan 120-dən çox qonaq iştirak edib.

TEAS-ın Belçikadakı Nümayəndəliyinin rəhbəri, Belçikanın sabiq enerji naziri Mark Vervilgen giriş nitqində bildirib ki, Azərbaycanın karbohidrogen resurslarını Türkiyə vasitəsilə Avropaya daşıyan kəmərlər sistemi 10 il öncə yaradılıb. Bununla da, Rusiyanın Xəzərin enerji resurslarını Avropaya ixracatı monopoliyasına son qoyulub: “Avropa onun üçün çox mühüm olan alternativ enerji mənbəyi ilə təchiz edilib. Bu strategiyanın əhəmiyyəti lazımi qədər dəyərləndirilməlidir”.

Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders tədbirdə çıxış edərək qeyd edib ki, bu konfrans Belçika ilə Azərbaycan arasında ticarət və investisiya səviyyəsinin artırılması üçün yeni imkanların yaradılmasına səbəb olacaq.

D. Reyndersin sözlərinə görə, bu ilin aprel ayında Belçika nümayəndə heyətinin Bakıya iki səfəri planlaşdırılır: “Səfərdən birinin məqsədi ticarət yönümlüdür, digərinə isə Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi mən rəhbərlik edəcəyəm”.

Belçika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan nazir vurğulayıb ki, əlaqələr yüksələn xətt üzrə inkişaf edir və əsasən tikinti, səhiyyə, günəş enerjisi sektorunu əhatə edir.

“Tədbirin təşkilatçılarından və Belçikanın qaz infrastrukturu sahəsində aparıcı şirkətlərindən olan “Fluxys” bu yaxınlarda TAP layihəsində payını 16 faizdən 19 faizə qədər artırıb. Bu nəhəng layihə Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq və qitədə enerji coğrafiyasını dəyişəcək. “Fluxys” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə yaxından əməkdaşlıq edir. Beləliklə, onun bu layihədə rolu artacaq. Belçika şirkətləri üçün enerji, enerjinin saxlanılması, enerji effektivliyi, bərpa edilən enerji və su paylanması sahəsində fəaliyyət göstərmək üçün imkanlar var. Belçika ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2009-cu ildə 33.7 milyon avro təşkil etmişdisə, bu məbləğ 2013-cü ildə 51.7 milyon avroya çatıb”, - deyə Belçikanın xarici işlər naziri qeyd edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında həyata keçirilən “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft və “Bakı-Tbilisi-Ərzurum” (BTE) qaz kəmərləri kimi uğurlu enerji layihələri artıq Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki önəmli rolunu göstərib: “2011-ci ildə Bakıda imzalanan “Cənub Qaz Dəhlizi” üzrə Aİ-Azərbaycan birgə deklarasiyası Azərbaycanı Avropanı yeni qaz mənbəyi ilə təmin edən vacib rolunu, layihənin əsas töhfəçisi və həyata keçirən tərəf kimi tanıyır. Bu, TAP və TANAP-la bağlı müqavilələrin imzalanmasına səbəb oldu və “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ilk iclası bu ilin əvvəlində Bakıda baş tutdu. Avropa İttifaqı və çoxlu sayda maliyyə institutları, eləcə də bütün tərəfdaşlar “Cənub Qaz Dəhlizi” layihəsinə dair öz sadiqliyini bir daha təsdiq etdilər. Layihə 26 sualtı quyunun qazılması, Səngəçal terminalında yeni rafinad zavodunun inşasını nəzərdə tutur. “Cənub Dəhlizi”nin təxminən 25-i faizi artıq hazırdır və ilk qaz Avropaya 2020-ci ildə çatdırlacaq”.

Beynəlxalq Enerji Agentliyinin Avropa, Yaxın Şərq və Afrika bölməsinin rəhbəri Stiven Gallogly öz şərhində bildirib ki, Azərbaycan Belçika da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. S. Galloglunin sözlərinə görə, 2020-ci ilə qədər bütün Avropada kömürlə işləyən nüvə elektrik stansiyaları istismardan çıxarılacaq, qaz idxalatına böyük tələbat yaranacaq və “Cənub Qaz Dəhlizi” potensial olaraq Şərqi Avropa, Aralıq dənizi, Mərkəzi Asiya, İraq, İran, eləcə də digər ölkələrdən qaz idxalatı üçün geniş imkanlar yaradacaq.

“Fluxys” şirkətinin baş icraçı direktoru Valter Piraer qeyd edib ki, şirkət istehsalçıdan istehlakçı bazara qədər enerjini daşıyan infrastrukturu həm inşa, həm də istismar edir. O qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni əlavə mənbə olacaq. Natiq Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində hazırkı və gələcək potensialını yüksək qiymətləndirib.

SOCAR prezidentinin müşaviri Murad Heydərov yekun çıxışda vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi bir çox tərəfdaş şirkətləri bir araya gətirib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası əməkdaşlıq səviyyəsinin göstəricisidir və onun məqsədi bürokratiyanı azaldaraq, praktiki icraat üçün həqiqi çərçivənin təmin edilməsidir. Azərbaycanla bağlı Avropa İttifaqının Enerji Birliyi tərəfindən iki həftə öncə çap edilmiş “Yekun Çərçivə Sənədində” birbaşa istinadlar var. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyinin hazırkı çağırışlarına praktiki cavabdır”.

Xatırladaq ki, 2013-cü ilin dekabr ayında BP-nin rəhbərlik etdiyi “Şah Dəniz” Konsorsiumu ilə Azərbaycan hökuməti arasında “Cənub Enerji Dəhlizi” layihəsi ilə bağlı 45 milyard dollar məbləğində son investisiya qərarı barədə razılığa imza atılıb. Şah Dəniz 2 yatağından çıxarılan Azərbaycan qazı Türkiyə, Yunanıstan, İtaliya və Bolqarıstan kimi Avropa ölkələrini qazla təmin edəcəkdir. Səngəçal terminalında təməlatma mərasimi 2014-cü ilin sentyabr ayında baş tutub və Türkiyəyə ilk qazın 2020-ci ildə çatdırılacağı gözlənilir. Bu qaz Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərlərindən (TAP) keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR