Avropa İttifaqı ölkələrinin Azərbaycandakı təmşilçiləri Gəncəyə səfər edib

Avropa İttifaqı ölkələrinin Azərbaycandakı təmşilçiləri Gəncəyə səfər edib
# 11 iyun 2016 11:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Avropa İttifaqı - Azərbaycan əlaqələrinin 25 illiyi yubileyi münasibəti ilə qərb bölgəsinə təşkil olunan avtobus turu bu gün Gəncəyə çatıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Aİ-yə daxil olan müxtəlif ölkələrin diplomatlarının təmsil olunduğu nümayəndə heyətinin Gəncəyə səfəri şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdən başlayıb.

Görüş zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard çıxış edərək bildirib ki, səfərlərinin məqsədi yerli ictimaiyyəti Aİ və onun Azərbaycandakı fəaliyyəti barədə məlumatlandırmaqdır. Diplomat qeyd edib ki, avtobus turu ilə Aİ-yə daxil olan ölkələrin mədəniyyətini və onların fəaliyyətini göstərmək imkanı əldə ediblər. M. Mard həmçinin Azərbaycanla əlaqələr barədə danışaraq bır sıra sahələrdə təhsil və kənd təsərrüfatı istiqaməti üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara şəhərin tarixi və mədəniyyəti barədə məlumat verərək Aİ ölkələri ilə birgə həyata keçirilən layihələrdən danışıb.

Görüşdə həmçinin Almaniya, Yunanıstan, Latviya, Rumuniya, Xorvatiya, Portuqaliya, Avstriya, Macarıstan, Çex Respublikalarının diplomatları, Avropa Şurasının Azərbaycanda səfiri çıxış edərək ölkələr arasında əlaqələrdən danışıblar və səfər etdikləri Gəncənin yaşıllıqlar şəhəri olduğunu qeyd ediblər. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncəyə səfər etdiklərindən məmnun qaldıqlarını söyləyiblər.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub.

Sonra nümayəndə heyəti Gəncədə yeni salınan “Avropa Gənclər Paytaxtı 2016” parkına gedərək orada 25 ədəd çinar ağacı əkiblər. Daha sonra isə qonaqlar şəhərdə yeni istifadəyə verilən 31 saylı Körpələr evinin açılış mərasiminə qatılıblar.

Günün ikinci yarısında isə şəhər sakinlərini Avropa ölkələrinin milli ənənələri və mədəniyyəti ilə yaxından tanış etmək məqsədi ilə Gəncənin Heydər Əliyev parkında Avropa şəhərciyi tədbiri keçiriləcək.

Axşam saatlarında isə parkda olan amfiteatrında “Avroviziya-2012” müsabiqəsinin təmsilçisi Səbinə Babayeva və “Azərbaycanın səsi” müsabiqəsinin müğənnilərinin iştirakı ilə konsert təşkil olunacaq.

Qeyd edək ki, tur çərçivəsində diplomatlar dünən Şəmkir rayonunda olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR