USCIRF: İran dini etiqad azadlığını pozur

USCIRF: İran dini etiqad azadlığını pozur
# 02 may 2013 08:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Aprelin 30-da ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) dünyada dini etiqad azadlığının pozulmasına dair illik hesabatını yayıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, 364 səhifəlik hesabat dünyada dini azadlıqların vəziyyətinin qiymətləndirilməsini əks etdirir.

Sənəddə bildirilir ki, 2012-ci ildə dünyada 15 ölkədə dini etiqad azadlığı məqsədyönlü, mütəmadi və nəzərəçarpacaq dərəcədə pozulub. Ancaq hesabatda İran bu 15 ölkə içərisində dini etiqad azadlığını ən çox pozan ölkə kimi göstərilib.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası yaydığı sənəddə əsasən 8 ölkədə dini etiqad azadlığının pozulmasından xüsusi narahatlığını bildirib. Bu da ABŞ Dövlət Departamentinin hesabatı ilə üst-üstə düşür. Həmin ölkələrin siyahısına isə Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan, Özbəkistan və Myanma daxildir. Bundan başqa, hesabatda daha 7 ölkənin adı qeyd edilib. Bunlar İraq, Misir, Nigeriya, Pakistan, Tacikistan, Türkmənistan və Vyetnamdır. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası ABŞ Dövlət Departamentindən bu 7 ölkəni də öz siyahısına əlavə etməsini istəyib.

Qeyd edək ki, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası 1998-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR