Müdafiə nazirinin evi və Ədliyyə Nazirliyinin qarşısına təyin olunan aksiya təxirə salınıb

Müdafiə nazirinin evi və Ədliyyə Nazirliyinin qarşısına təyin olunan aksiya təxirə salınıb
# 18 mart 2013 10:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi (İB) Müdafiə Nazirliyi tərəfindən məhkəmə qətnamələrinin icra olunmaması ilə əlaqədar növbəti mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İB-in sədri Yaşar Cəfərli bildirib ki, martın 19-a təyin olunan piketə Bakı şəhər İcra Hakimiyyətindən cavab gəlməsə də, piket təxirə salınıb. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəisi Rauf Kişiyev təşkilatın üzvlərini qəbul edib və yaxın zamanlarda qətnamələrin icra olunacağını açıqlayıb: “19 məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəisi Rauf Kişiyev təşkilatın 3 üzvünü, o cümlədən məni nazirliyə dəvət edib və bizimlə fərdi qaydada söhbət apardı. Hər birimizin diqqətinə çatdırıldı ki, qətnamələr indiyədək müəyyən anlaşılmazlıqlarla bağlı icra olunmayıb. Bildirdi ki, pul kompensasiyalarını ödəmək üçün maliyyə vəsaiti yoxdur. Kompensasiya tələb etməyən qətnamələrə gəldikdə isə, bu qətnamələrin nazirliyə gəlib çatmadığı və buna görə də bunların icra edilmədiyi deyildi. Bizə bildirildi ki, nazirin tapşırığı var və yaxın zamanlarda bu məsələ həllini tapacaq. Müddət aşıqlanmasa da, biz ümid edirik ki, nazirlik rəsmisinin açıqlamasından sonra bu problem həll olunacaq. Buna görə də martın 19-na təyin olunan piketi təxirə salmaq barədə qərar verdik”.

Y. Cəfərli qeyd edib ki, nazirlik qətnamələrin icra müddəti ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verməlidir.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin şöbə rəisi Emin Əzimzadə deyib ki, nazirlik qətnamələrin icrası istiqamətində göstəriş verib və artıq bəzi şəxslərlə bağlı qətnamələr icraya yönəlib.

Qeyd edək ki, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi (İB) Müdafiə Nazirliyi tərəfindən ehtiyatda və istefada olan zabitlərlə bağlı 19 məhkəmə qətnaməsinin icra olunmaması ilə əlaqədar olaraq martın 19-da müdafiə naziri Səfər Əbiyevin evinin və Ədliyyə Nazirliyinin qarşısına etiraz aksiya təyin etmişdi.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR