TQDK sabah növbəti SAT imtahanını keçirəcək

TQDK sabah növbəti SAT imtahanını keçirəcək
# 05 iyun 2015 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT imtahanını keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan iyun ayının 6-da saat 08.30-da TQDK-nın Yasamal rayonunda yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar. Bu imtahanının nəticələri iyunun 25-i imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.

İyun ayının 6-dan sonra, TQDK tərəfindən keçiriləcək növbəti SAT imtahanlarına qeydiyyat iyun ayının 12-dən başlanacaq və onlayn qaydada qeydiyyatdan keçmək üçün ətraflı məlumat aşağıdakı linkdə verilib: http://tqdk.gov.az/en/international-partnerships/sat/

Qeyd edilib ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR