AMEA-nın illik yığıncağında alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər səslənib

AMEA-nın illik yığıncağında alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər səslənib
# 24 aprel 2013 10:14 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında Azərbaycanda alimlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər səslənib.

APA-nın xəbərinə görə, akademiyanın 2012-ci ilə dair fəaliyyəti barədə hesabat verən AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb, lakin müasir bazar qiymətləri ilə müqayisədə bu, qənaətbəxş deyil: “Alimlərin bir istəyi də odur ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələr artırılsın. Bir çox elm sahələrinin inkişafı elmi ekspedisiyaların fəaliyyətindən əsaslı surətdə asılıdır. Lakin hazırda AMEA-ya elmi ekspedisiyalarla əlaqədar ayrılan vəsaitin həcmi çox azdır”.

V. Fərzəliyev deyib ki, hazırda AMEA alimlərinin orta yaş həddi çox yuxarıdır: “Gənc mütəxəssislərin akademiyaya axınının zəif olması AMEA-nı çox narahat edir. Bunun əsas səbəbi əməkhaqqı və mənzil təminatının lazımi səviyyədə olmamasıdır. Gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması da bu problemin həllinə mənfi təsir edir. Bir çox gənc mədəniyyət və incəsənət xadimləri, idmançılar prezident təqaüdü ilə təltif olunur. Lakin gənc istedadlı alimlər bu siyahıda yoxdur. Arzu edərdik ki, bu məsələ də öz həllini tapsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR