Azərbaycan klubları Avropa Liqasında növbəti oyununu keçirəcək

Azərbaycan klubları Avropa Liqasında növbəti oyununu keçirəcək
# 07 iyul 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” növbəti matçına çıxacaq.

Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyır. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbələlilər artıq növbəti tur haqqında fikirləşə bilərlər. Zestafonidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

“Neftçi” doğma meydanda “Baltsan”la oynayacaq. Səfərdə 2:0 hesablı qələbə qazanan “ağ-qaralar” doğma divarlar arasında bu üstünlüyündən istifadə etmək istəyindədi. Vəli Qasımovun yetirmələri 693 günlük qələbə həsrətinə Maltada son qoyduqdan sonra ikinci oyunda da qalib gələrək növbəti mərhələyə rahat keçmək istəyirlər. 8-ci km qəsəbə stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.

Daha bir təmsilçimiz “Kəpəz” “Daçiya” səfərinə yollanacaq. İlk oyunda öz meydanında rəqibi ilə qolsuz bərabərliyə razılaşmış gəncəlilər ümidlərini səfər matçına bağlayıb. Şahin Diniyevin komandasını mərhələ keçmək üçün istənilən hesablı qələbə qane edəcək. Ancaq qalib gəlməsə belə “Kəpəz” ikinci mərhələyə yüksələ bilər. Bunun üçün isə qollu bərabərlik də kifayət edəcək. İlk oyunda olduğu kimi Moldovada da qolsuz heç-heçə qeydə alınacağı halda isə qalibi müəyyən etmək üçün əlavə vaxt və hətta lazım olarsa, penaltilər seriyasına da ehtiyac duyula bilər. Moldovanın Speya şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR