Qulu Novruzov: “Müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üzərində iş aparılır”

Qulu Novruzov: “Müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üzərində iş aparılır”
# 18 avqust 2015 10:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Müstəqil Azərbaycanda təhsil islahatlarının başlanması 1999-cu ilə təsadüf edir. Həmin vaxtdan təhsil işçilərinə, müəllimlərimizə yeni pedaqoji texnologiyalar öyrədilir. İndi də müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üzərində iş aparılır. Müəllimlərin interaktiv texnologiyalar əsasında peşəkarlıqları inkişaf etdirilir”. Bunu APA-ya Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Qulu Novruzov deyib.

Onun sözlərinə görə, 2007-ci ildə təhsil proqramları, yəni kurikulumları tətbiq olunmağa başlanarkən müəllimlərin yeni məzmunla işləmək bacarıqlarını formalaşdırmaq zərurəti yaranıb: “Məsələn, təlim standartları əsasında məqsəd, məzmun müəyyənləşdirmək, interaktiv metodları məqsədə görə seçə bilmək, məqsədə görə strategiya müəyyənləşdirmək, qiymətləndirmə vasitələrini hazırlamaq, qiymətləndirmə aparmaq, nəticələri ümumiləşdirmək və sair fəaliyyətləri həyata keçirmək müəllimlər üçün asan deyildi. Ona görə də müxtəlif yollarla müəllimlərin bu baxımdan peşəkarlığının formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilməyə başladı. Bu gün də müəllimlərimizin çətinlik çəkdiyi həmin məsələlərin birinci başlıca səbəbi ilkin müəllim hazırlığı prosesində qeyd olunan bilik və bacarıqlara yiyələnmələri ilə bağlıdır”.

Q. Novruzov bildirib ki, TPİ-də müəllimlərin yeni təlim texnologiyalarına olan ehtiyaclarını nəzərə alaraq müxtəlif adda 20-yə qədər yeni məzmunlu metodik tövsiyələr çap olunub: “Eləcə də İnstitutun Təhsil Texnologiyaları Mərkəzinin vasitəsilə müəllimlərə təlim kursları təşkil etdik. Doğrudur, məzmun və texnologiyaların böyük bir sistemini əhatə edən bu yeni yanaşmaları belə epizodik tədbirlərdə mənimsəmək o qədər də asan deyil. Bu ciddi, böyük bir sistemi ehtiva edən müəllim hazırlığı işini həyata keçirmək üçün, ilk növbədə, onun məzmununu hazırlamaq vacib hesab edilir”.

TPİ-nin direktoru qeyd edib ki, İnstitutda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dan irəli gələn vəzifələri müzakirə edərkən təhsilin bütün pillələri üzrə məsələləri, xüsusən də müəllim hazırlığına xüsusi diqqət yetirilib: “Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Təhsil Problemləri İnstitutunun fəaliyyət planını hazırladıq ki, orada müəllim hazırlığı üçün yeni məzmunun hazırlanması nəzərdə tutulub. Standartlardan ibarət yeni məzmunun hazırlanması üçün işçi qruplarının yaradılması, onların təliminin təşkili, standart modellərinin müzakirə olunaraq qəbul edilməsini ilkin konkret əməli tədbirlər kimi qəbul edilə bilər. Standartların hazırlanması, ekspertizası və təsdiq olunması da yeni məzmunun yaradılmasında gələcək fəaliyyətimizin istiqamətləridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR