Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib

Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib
# 05 iyul 2016 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Nüşabə Hüseynova hadisə nəticəsində ona 5 min manat , Aydın Məmmədov isə 8 min manat ziyan dəydiyini deyib. Onlar dəymiş ziyanın ödənilməsini istəyiblər. Proses iyulun 12-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR