İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
# 12 aprel 2013 15:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi ilə türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığı olub.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə.Davudoğlu İranın Buşəhr vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı İran xalqına və dövlətinə başsağlığı verib, təbii fəlakət nəticəsində ölənlərə Allahdan rəhmət diləyib. Eyni zamanda Ə.Davudoğlu zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyə hökumətinin İrana hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

Ə.Salehi isə öz növbəsində Türkiyə dövləti və xalqının zəlzələdən dolayı İran dövlətinin və xalqının dərdinə şərik olmasına görə minnətdarlıq edib, iki ölkə xalqının həmişə çətin şərtlərdə bir-birini dəstəklədiyini xatırladıb.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüz və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüz şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 1050 nəfər yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlı uşaqlardır. Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR