Bu ilin I rübündə Azərbaycanda əsas kapitala 3,2 mlrd. manatdan çox vəsait yönəldilib

Bu ilin I rübündə Azərbaycanda əsas kapitala 3,2 mlrd. manatdan çox vəsait yönəldilib
# 15 aprel 2015 07:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 mlrd. 232,8 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, əsas kapitala ayrılan vəsaitin 74,9%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 14,5% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 2 mlrd. 279,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 953,4 mln. manat vəsait yönəldilib. Ümumi sərmayənin 30%-i dövlət, 70%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 54,7%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 mlrd. 293,4 mln. manat, bank kreditləri 82,9 mln. manat, büdcə vəsaitləri 651,7 mln. manat, büdcədənkənar fondların vəsaitləri 79,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 94,7 mln. manat, digər vəsaitlər 30,8 mln. manat təşkil edib.

Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,1%-i sənaye sahələrinin inkişafına, 16,3%-i tikintiyə, 7%-i nəqliyyat və anbar təsərrüfatına, 6,2%-i istirahət, əyləncə və incəsənətə, 4,3%-i dövlət idarəetməsinə, 3,2%-i informasiya və rabitəyə, 2,3%-i ticarətə, 2,1%-i kənd təsərrüfatına, 1,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 1,4%-i təhsilə, 1,2%-i səhiyyəyə, 0,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,5%-i maliyyə və sığorta fəaliyyətinə, 0,1%- digər sahələrə sərf edilib.

I rüb ərzində neft bölməsinə 1 mlrd. 529,8 mln. manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 1 mlrd. 703 mln. manatlıq vəsaitin 154,4 mln. manatı (ümumi sərmayənin 4,8%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 50,3%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR