Mehmanxanalardan qeyri-qanuni ulduz dərəcəsi göstərməmək tələb edilib

Mehmanxanalardan qeyri-qanuni ulduz dərəcəsi göstərməmək tələb edilib
# 05 iyul 2016 14:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara və mehmanxanalara müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, veb səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər: “Bildirmək istəyirik ki, mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir. Hal-hazırda ölkəmizdə tətbiq olunan “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” AZS 745-2015 Dövlət Standartı Avropanın bir çox ölkələrində tətbiq olunan “Hotelstars Union Criteria 2015-2020” təsnifatına uyğun şəkildə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilib”.

Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən mehmanxana rəhbərlərindən qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara dolğun və düzgün məlumat verməyi, qeyri-qanuni ulduz dərəcəsi göstərməməyi tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR