BMT Baş Qərargahında Qlobal Forumun nəticələrinə həsr olunan toplantı keçirilib

BMT Baş Qərargahında Qlobal Forumun nəticələrinə həsr olunan toplantı keçirilib
# 30 iyun 2016 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. BMT Baş Qərargahında 7-ci Qlobal Forumun yekunları və nəticələrinə həsr olunan toplantı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclası açan BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Respublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi, həm iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyənnaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan edib.

Azərbaycan Hökuməti adından Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək keçirilmiş 7-ci Qlobal Forumuna və onun nəticələrinin həyata keçirilməsinə ölkə rəhbərliyinin yüksək diqqət ayırdığını bildirərək, Forumda 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak etdiyini, Forumun çərçivəsində 40-dan çox tədbirin keçirildiyini, və bu qlobal platformanın bütün ölkə səviyyəsində dəyərləndirildiyini qeyd edib.

Tədbirdə bildirilib ki, forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanmış və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyon dəfədən çox təəssürat paylaşılıb, 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib. Təkcə Forumun internet səhifəsindən aprel ayı ərzində 250,000-dən çox insan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR