Təhsil Problemləri İnstitutunda müəllim hazırlığı kurikulumu ilə bağlı seminar keçirilib

 Təhsil Problemləri İnstitutunda müəllim hazırlığı kurikulumu ilə bağlı seminar keçirilib
# 30 sentyabr 2015 13:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Müəllim hazırlığı kurikulumu: problemlər və perspektivlər” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı keçirilib.

ARTPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, seminarı çıxış sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, məhz təhsil hər bir dövlətin sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır.

O, yeni demokratik modellərin axtarışı, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiyası prosesində institutun son illər ərzində gördüyü işlər haqda da məlumat verib. Q. Novruzov onu da qeyd edib ki, müasir təhsil gündən-günə inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb edən bu sahədə problemlərin olması labüddür.

ARTPİ-nin müəllim hazırlığı kurikulumu şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Müdafiə Mahmudov təqdimatla çıxış edərək ölkəmizdə aparılan təhsil islahatlarından ən önəmli istiqamətlərindən biri olan müəllim hazırlığının kurikulumunun (proqramının) keyfiyyəti, pedaqoji kadrların hazırlığına verilən vacib tələblər barədə geniş məlumat verib. O bildirib ki, təhsil sistemində aparılan islahatların səmərəliliyi pedaqoji kadrların hazırlığı ilə əlaqədardır.

Professor dünyanın lider ölkələrinin müəllim hazırlığı proqramını öyrənib və ölkəmizin təhsil sistemi ilə müqayisə edib. Müqayisə zamanı aşkar olunan nöqsanlar, problemlər, perspektivlər, reallıqlar və s. barədə geniş məlumat verib, habelə ilkin müəllim hazırlığı və əlavə təhsilin problemləri barədə də geniş danışıb.

Tədbirdə institutun rəhbərliyi, Abşeron, Sumqayıt, Qobustan, Şamaxı, Şuşa təhsil şöbələrinin əməkdaşları, məktəb, bağça, tədris mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn təhsil işçiləri, doktorant və dissertantlar, institutunun əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR