Azərbaycanda gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir

Azərbaycanda gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir
# 31 oktyabr 2014 08:44 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli fərmanı ilə mövcud qanunvericiliyə dəyişikliklər edilib.

“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi norması təkmilləşdirilərək təqdim olunan sənədlərin siyahısı əhəmiyyətli dərəcədə azaldılıb. Noyabrın 1-dən qüvvəyə minəcək dəyişikliyə və paralel olaraq həmin tarixdə qüvvəyə minəcək Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük məqsədləri üçün gömrük orqanlarına gömrük bəyannaməsi ilə birgə nəqliyyat sənədinin və xarici ticarətin həyata keçirilməsini təsdiq edən müvafiq sənədin təqdim olunması nəzərdə tutulur. Yeni normaların tətbiqi idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin rəsmiləşdirilmə müddətlərinin azaldılmasına şərait yaratmaqla, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsinə, ticarətin asanlaşdırılmasına, xarici iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, ölkədə biznes mühitinin formalaşdırılmasına əlavə əlverişli zəmin yaradacaq.

Eyni zamanda Dövlət Gömrük Komitəsi məlumat üçün bildirir ki, Gömrük Məcəlləsinə və “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin, o cümlədən gömrük sərhədindən keçirilən malların kateqoriyası, malları keçirən şəxs, ixrac ölkəsi və ya malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq gömrük bəyannaməsi ilə birlikdə qeyd olunan qaydalarda göstərilən digər sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR