I Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxsin məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb

I Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxsin məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb
# 17 iyun 2016 07:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyev barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

APA-nın məlumatına görə, məhkəmə prosesində onun vəkili çıxış edib. Vəkil prosesin ilkin baxış iclasında kassasiya şikayəti verdiklərini deyib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, ilkin baxış iclasında vəkil prosesin istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

İttiham aktına görə, A. Xudiyev 2015-ci il iyunun 12-də I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib.

O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A. Xudiyevin evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Xudiyev apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

A. Xudiyev “Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə” İctimai Birliyinin rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR