Azərbaycanın Ekvadordakı səfiri rəsmən fəaliyyətə başlayıb

Azərbaycanın Ekvadordakı səfiri rəsmən fəaliyyətə başlayıb
# 27 oktyabr 2014 15:07 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Ekvador Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Ekvador prezidenti vəzifəsini icra edən Xorxe Qlasa təqdim edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Elnur Sultanov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Ekvador prezidenti Rafael Korreaya çatdıraraq, Azərbaycanın Ekvadorda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib.

Xorxe Qlas Ekvadorun prezidenti Rafael Korreanın prezident İlham Əliyevə səmimi və xoş salamlarının çatdırılmasını xahiş edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Ekvadora səfəri çərçivəsində səfir Elnur Sultanov iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə Ekvadorun xarici işlər naziri vəzifəsini icra edən Leonardo Arizaga, Bərpa olunmayan təbii resurslar naziri Pedro Merizalde, Xarici ticarət nazirinin müavini Roberto Betankur və digər rəsmilərlə görüşlər keçirib.

Bundan əlavə, səfir Elnur Sultanov qərargahı paytaxt Kitoda yerləşən Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) baş katibi Ernesto Samper ilə görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR