İlin birinci yarısında BTC ilə 17,8 mln. ton xam neft ixrac olunub

İlin birinci yarısında BTC ilə 17,8 mln. ton xam neft ixrac olunub
# 15 avqust 2014 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri üzrə əməliyyat xərclərinə 100 mln. ABŞ dolları, əsaslı xərclərə isə 61,3 mln. dollar xərclənib.

Boru kəmərinin əsas operatoru olan “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tam il üçün BTC-nin əməliyyat xərclərinin təxminən 230 mln. dollar, əsaslı xərclərin 119 mln. dollar olması gözlənilir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir. Avqustun 11-də BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd edib.

Bu ilin ilk yarısı ərzində BTC vasitəsilə təqribən 17,8 mln. ton (134 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 185 tankerə yüklənib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirilib. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verib.

Xatırladaq ki, 1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2 milyard barel (263 mln. ton) xam neft Ceyhanda 2 580 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); “Eni” (5.00%); “Total” (5.00%), “İtoçu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhillips” (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləri təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR