Pirallahıda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - VİDEO

Pirallahıda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Pirallahı rayonu 168 nömrəli orta ümumtəhsil məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, təhsil müəssisəsində fövqəladə hal baş verdikdə, müəllimlər də, şagirdlər də hazırlıqlı olmalıdırlar: “Heç kim fövqəladə hallardan sığortalanmayıb. Biz məlumatlı olmaqla fövqəladə hallar zamanı baş verə biləcək hadisələrin fəsadlarını minimuma endirə bilərik. Təhsil müəssisəsi insanların çox toplaşdığı yerlərdəndir. Bu kimi yerlərdə fövqəladə hal baş verərsə, şagirdlər sinifdən kənara çıxmamalı, müəllimlər isə şagirdlərin otaqda olub-olmamasını yoxlamalı və bu barədə təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidirlər”.

Nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları və məktəbin şagirdləri tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumatlar verilib.

Tədbirdə FHN-in fəaliyyəti, eləcə də dəm qazı zəhərlənmələri barədə video-çarx nümayiş olunub.

Sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş olunub. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilib. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb.

Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də məktəbin həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR