Təhsil naziri dövlət proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Təhsil naziri dövlət proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb
# 22 iyul 2014 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov bu gün 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk tələbələrlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsil ənənələri, təhsilə verilən dəyər dərin köklərə malikdir. Onun sözlərinə görə, müstəqil Azərbaycanda gənclərin xarici ölkələrdə təhsillərini davam etdirməsi təcrübəsi davam etdirilir və sahə daha da genişləndirilir. Nazir qeyd edib ki, prezidentin sərəncamı ilə imzalanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 minə yaxın tələbə təhsil alır: “Biz ümid edirik ki, bu il həmin tələblərin sayı 3 mini keçəcək. Bu gün də proqram genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq hüququna malikdir. Dünyanın ən rəqabətli universitetlərinin seçilmiş ixtisaslarında təhsil almaq sizin gələcək həyatınızda, cəmiyyətin inkişafında mühüm rol oynayacaq. Qloballaşan dünyada, bilik, elm, savad, informasiya kimi məfhumlar hökm sürən zəmanədə, siz öz rəqabət qabiliyyətinizi bu mərhələdə xaricdəki ali məktəblərə qəbul olmaqla sübut etmisiniz. Amma bu sizin üçün birinci addımdır. Gələcək uğurlarınızın əldə olunması sizin təhsilin uğurlu şəkildə başa çatdırmaqdan asılıdır. Azərbaycan nadir ölkələrdən biridir ki, öz vətəndaşlarına təhsil və yaşayış xərclərini əhatə edən təqaüd proqramlarını tətbiq edir. Bu da Azərbaycanın sosial yönümlü dövlət olduğundan, təhsilə əsrlərlə verilən əhəmiyyətdən irəli gəlir”.

M. Cabbarovun sözlərinə görə, xaricdə təhsil alan hər bir tələbə yaşadığı, təhsil aldığı ölkələrdə səfirdirlər. Nazir qeyd edib ki, həmin tələbələr oxuduqları təhsil məkanlarında, ölkələrdə Azərbaycanı təmsil edəcək: “Azərbaycanın müstəqilliyinin bərpasından sonra qısa müddət keçməsinə baxmayaraq ölkəmiz dünyada kifayət qədər tanınır. İqtisadi-siyasi tədbirlər hesabına bu gün Azərbaycan barədə rəy hələ də formalaşmaqdadır. Siz Azərbaycanın müvafiq dövlətlərdə yerləşən səfirliklərlə sıx münasibətdə olmalısınız.

Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, səfirliklərlə əlaqədə olmaq hər birinizin vətəndaş borcudur. Təhsilini başa vurduqdan sonra hər birinizin Azərbaycanda yolunu səbirsizliklə gözləyəcəyik. Çünki ölkənin istənilən sahəsində öz hüquqlarını qorumaq, rəqabət qabiliyyətli olmaq üçün bilikli, peşəkar, dünya səviyyəli peşəkarlar lazımdır”.

Görüşdə dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR