Dubay nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Dubay nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb
# 18 sentyabr 2015 13:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri bu gün başa çatıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün səfərin sonuncu günü isə Dubay nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, bu təşkilatın Regional Kinoloji və Regional Tədris mərkəzləri, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyası və “Azərterminalkompleks” Birliyi ilə tanış olub.

ÜGT-nin Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində qonaqlara bildirilib ki, ofis 2011-ci ilin oktyabrında istifadəyə verilib və onun rəsmi açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya iştirak edib. Avropa regionu və MDB üzrə 51 ölkənin gömrük xidmətinin modernləşdirilməsi işinə xidmət göstərən ofisdə yerli və xarici mütəxəssislər çalışır.

Sonra ÜGT-nin Bakıdakı Regional Kinoloji Mərkəzinə baş çəkən nümayəndə heyətinə məlumat verilib ki, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin bazasında yaradılan bu obyekt 2003-cü ildən fəaliyyət göstərir. Bu il sentyabrın 7-də isə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Dövlət Gömrük Komitəsi və ÜGT arasında Anlaşma Memorandumu imzalanıb. Elə həmin tarixdə ÜGT-nin Bakıdakı Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə ÜGT-nin Baş katibi K. Mikuriya iştirak edib.

Qeyd edilib ki, Mərkəzdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, partlayıcı maddələrin və silah-sursatın axtarışı, eyni zamanda, mühafizə işləri və zəlzələ zamanı dağıntılar altında qalan insanların aşkar edilməsi üçün xidməti itlərə təlimlər keçirilir. Burada eyni vaxtda 100 xidməti itin saxlanılmasına, hazırlanmasına, onların baytar müayinəsindən keçirilməsinə və müalicəsinə imkan vardır.

ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzi ilə tanışlıq zamanı isə məlumat verilib ki, 2003-cü ilin sentyabrından fəaliyyətə başlayan Mərkəzdə indiyədək bir sıra beynəlxalq və regional tədris kursları keçirilib, seminarlar, treninqlər təşkil olunub. Burada müxtəlif ölkələrdən və Azərbaycanın bölgələrindən gələn müdavimlərin rahatlığının təmin edilməsi üçün otel tipli yataqxana, idman zalı, iaşə obyektləri, tibb otağı da fəaliyyət göstərir.

DGK-nın Akademiyasında olan qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağı 2012-ci ilin yanvarında təsis edilib, ilk tələbə qəbulu isə 2014-cü ildə həyata keçirilib. Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.

DGK-nın “Azərterminalkompleks” Birliyinin inzibati binasında isə nümayəndə heyəti Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə muzeyi və Gömrük Tarixi Muzeyi ilə tanış olub.

Xatırladaq ki, ölkəmizə üçgünlük səfər zamanı qonaqlar əvvəlcə DGK-da görüş keçirib, Komitənin “Hədəf” Mərkəzi və Hospitalı ilə tanış olub, həmçinin Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR