Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri barəsindəki ittihamlara cavab verib

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri barəsindəki ittihamlara cavab verib
# 15 aprel 2013 15:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, Kəlbəcər rayon sakini Fərqanə Əhliman qızı Ələkbərova “Youtube”də yayılan videosunda M.Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib.

Lakin Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırov APA-ya açıqlamasında bildirib ki, bütün bu işlər ona qarşı edilən bir təxribatdır. Onun sözlərinə görə, kimsə bu işləri görməklə ona zərər vurub işdən çıxartdırmaq istəyir: “Kimsə Məhəmmədə tələ qurub onu işdən çıxarmaq istəyir, ona görə də videonu çəkən və yayan Ərşadın əli ilə bu işi görür. Mən hacı, seyid adamam. Əgər bu gün həmin qıza əlavə söz demişəmsə, namusum, qeyrətim ən pis ləkələnmiş ermənilər kimi olsun. Onların hamısı dünənki uşaqlardır. Onlara mən ancaq köməklik edə bilərəm. Amma belə işlər mənlik deyil”.

Onun sözlərinə görə, hətta videosu yayılan qızın özü və anası etiraf edib ki, bu sözlərin hamısı qızına qarşı təhdidlə deyilib: “Ana və qızın dediklərindən belə məlum olur ki, bunların hamısı bıçaq gücü ilə deyilib. Amma indi qızın anası Firəngiz də indi hər kəsdən kömək istəyir ki, mənim hayıfım Ərşad İbrahimov adlı dələduzdan alınsın. Ərşad bu işin əvəzində 33 min pul alacaqmış və ondan da qıza verəcəkdi. Guya qız da bu pulla xəstə qardaşını müalicə edəcəkmiş. Ərşadı rayonda hər kəs tanıyır. Heç yerdə işləməyən adam ev, maşın alır və gözəl yaşayır. O cəbhəçidir, hər kəslə ədavət axtarır. Ondan-bundan rüşvət ala-ala hər kəsi şantaj edir. O, dövlətin əleyhinə gedən yeganə quldur, qəddar və xain adamdır”.

M.Bağırov qeyd edib ki, artıq bu işlə bağlı qızın valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Onun sözlərinə görə, bu gün işlər vəkilə verilib və məsələ qanun səviyyəsində həll olunur. Məhkəmə bu işlə bağlı müvafiq qərar çıxaracaq.

Kəlbəcər rayon sakini Fərqanə Ələkbərovanın anası Firəngiz Ələkbərova da APA-ya açıqlamasında Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun bu işlərdə heç bir rolunun olmadığını deyib. O bildirib ki, Məhəmməd Bağırovun nəinki onun qızına, hətta digər vətəndaşlara da zərəri dəyməyib: “Sadəcə, ortada olan kreslo davasında mənim qızımdan istifadə edilib. Məhəmməd Bağırovun insanlara etdiyi işləri nahaq yerə heç edirlər. Məhəmməd Bağırovla balamın heç bir əlaqəsi yoxdur. Onun bizə etdiyi köməklikdən başqa heç bir pisliyini görməmişəm. Ərşad İbrahimov isə 2 nəfərlə qızı apararaq gizli bir yerə salıb və üzərinə bıçaq çəkərək bunları deməyə vadar edib. Qızım da öldürülməmək üçün onların dediklərini deyib”.

F.Ələkbərova Ə.İbrahimovu prezident seçkiləri vaxtından tanıdığını deyib. Ərşad vaxtilə ona müraciət edib ki, prezident seçkilərində ətrafına 50-100 nəfər qohum-əqrəbanı yığdığı halda, 100 manatdan pul paylayacaq: “Amma mən onunla təbii ki, razılaşmadım. Mən həmin vaxt onun dediyini etmədiyim üçün indi də öz planlarını həyata keçirən zaman mənim qızımdan istifadə edib. Hazırda Gəncə şəhər Polis İdarəsinin qəbulundayıq. Məhəmməd Bağırovu stoldan salmaq üçün mənim qızımın adını niyə elə pis edirlər? Bu işdə mənim qızımın günahı nədir? Mən prezidentə, xalqın mərd, qeyrətli kişi və xanımlarına səslənirəm ki, onlar bu məsələ ilə bağlı vicdan səslərini qaldırsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR