Bank Of Baku

Mübariz Əhmədoğlu: “İslam dininin İran versiyası atom bombasının yaradılmasına maneçilik etmir”

Mübariz Əhmədoğlu: “İslam dininin İran versiyası atom bombasının yaradılmasına maneçilik etmir”
# 24 yanvar 2012 09:17 (UTC +04:00)
Bakı-APA. “İranda atom bombasının yaradılmasına din icazə vermir” tezisi İran İslam Respublikasının ideoloqlarının ən çox təkrar etdiyi tezisdir. Sloqana çevrilmiş bu tezisə Qərbdə inanırlar. Çünki onlar İran İslam Respublikasını teokratik dövlət hesab edirlər”.

APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur. O, reallıqda məsələnin fərqli olduğunu deyib: “İranda teokratik hakimiyyətdən yox, bir qrup dindarın hakimiyyəti zəbt etməsindən söhbət gedə bilər. İran İslam Respublikasının qurucusu Xomeyninin qurmağa çalışdığı dövlətlə indiki İran İslam Respublikası çox fərqlidir. İslami prinsiplər, dini dəyərlər konkret bir qrupun maraqlarına xidmət edir. O baxımdan, İran İslam Respublikasının ərazisində hansı islami prinsipin, “Qurani-Kərimin” hansı ayəsinin fəaliyyət göstərməsini, hansının fəaliyyətinin qadağan olunduğunu yalnız indiki rejim müəyyənləşdirir. Müasir dillə desək, İran qaydasız oyunla məşğuldur. İran İslam Respublikası indiki rəhbərliyinin timsalında atom bombasını yaratmaqla məşğuldur. İranın bugünkü arqumentləri atom silahının yaradılmasına gedən yolu asanlaşdırmağa xidmət edir. Atom bombasına malik olan İran regiona qarşı yeni tipli təhdidlər irəli sürəcəkdir. İran İslam Respublikasının öz məqsədlərinə çatmaq üçün dindən pərdə kimi istifadə etməsini aşağıdakı arqumentlərlə əsaslandırmaq mümkündür. Bəri başdan deyək ki, teoloji və teosofik baxımdan şiə islami ilə sünni islamı tamdır və eynidir. Teosofik anlamda olan fərqlər yalnız alimlərin yanaşmasından asılıdır. Alimlərin yanaşması kimi subyektiv faktordan asılıdır:
1) Klonlaşdırma İranda həyata keçirildi. Ən azı İran İslam Respublikasının rəsmi orqanları dönə-dönə bu məsələ ilə məlumatlar yaydılar. İran ilahiyyatçıları klonlaşdırmanın dinə uyğunluğu barədə rəy verdilər. Əslində, klonlaşdırma bütün monoteist dinlərdə teoloji baxımdan qadağandır. Bu barədə yəhudi, xristian və islamın sünni qoluna məxsus teoloqlar öz qətiyyətli mövqelərini bildiriblər. Teoloji baxımdan İrandakı İslam dini də digər İslami cərəyanlardan fərqlənmir. Başqa sözlə, həqiqi islam İranda da klonlaşdırmanı qadağan edir. Çünki klonlaşdırma Allaha şərik qərar vermək deməkdir. Allahdan başqa heç kimin canlını yaratmaq və ya öldürmək ixtiyarı yoxdur.
2) İranın din xadimləri əllərinə imkan düşən kimi möminlərin Səudiyyə Ərəbistanına həcc ziyarətinə getməsinin qarşısını almaq istiqamətində addımlar atırlar. Son illərdə dünyada yayılan “donuz qripi” və “quş qripi” kimi yoluxucu xəstəliklər İranın məşhur ayətullahlarının əlində əhalini Həcc ziyarətindən çəkindirmək üçün qorxuducu vasitəyə çevirib. Həcc müsəlman üçün ən vacib əməllərdən biridir. Dərəcəsinə görə Həcc ziyarəti cihaddan daha vacibdir. Lakin Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri düşmənçilik səviyyəsində olduğu üçün İran həmişə Səudiyyə Ərəbistanının müsəlman dövləti kimi nüfuzunun zəifləməsi üçün çalışıb. İranın məşhur ayətullahları, İranın Ali dini liderinin və vilayətlər üzrə təmsilçiləri Həcc mövsümü başlamazdan əvvəl müxtəlif moizələrlə adamları Həccə getməkdən çəkindirməyə çalışırlar. İranın məşhur ayətullahlarının böyük əksəriyyəti Həcc ziyarətində olmayıb, olubsa da bir dəfə olub. İranın Ali dini liderinin Həcc ziyarətində olub-olmaması barədə məlumatımız yoxdur, amma İran prezidenti Həcc ziyarətində olmayıb. Ən azı köhnə “Pejo” (“Peugeot”) markalı maşınını 2 milyon dollara satılması ilə bağlı məlumatın mətbuatda yayılmasına istinad edərək prezident Mahmud Əhmədinejatın boynuna Həcc ziyarətinin gəldiyini deyə bilərik. Ötən Həcc ziyarətində iştirak etməməklə İran prezidenti “Üsuli-d-din”in 5-ci prinsipini pozmuş oldu.
3) Bütün İslama aid dini mərasimlərin (məsələn, Qurban və Ramazan bayramları) tarixlərinin müəyyən olunmasının dəqiq dini qaydaları mövcuddur. Son 10-15 ildə İranda bu bayram günləri qalan bütün İslam dünyasından fərqli tarixdə keçirilib. Tarixlər Ali dini liderin dəftərxanasına istinadla müəyyənləşdirilir.
4) Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsində İran hökmən Azərbaycan Respublikasının mövqeyini müdafiə etməlidir. Bunu İslam dini və Xomeyinizm müəyyənləşdirib. Amma İran İslam Respublikasının bugünkü rəhbərliyi Azərbaycan Respublikasının yox, Ermənistan Respublikasının mövqeyini müdafiə edir. Azərbaycan torpaqlarının işğalına İranın indiki rəhbərliyinin İslam dininə volyuntarist və ya subyektiv yanaşması kimi yeni elementlə zənginləşir. İranın indiki rəhbərliyi həm dini prinsipləri, həm də bu dövlətin qurucusu olan Xomeyninin qoyduğu prinsipləri özünəməxsus şəkildə tətbiq edirlər.
Qərb, eləcə də İranın Çin və Rusiya kimi qonşuları İranın atom silahı hazırlamayacağına inanırlarsa, bu artıq onların özlərinin subyektiv yanaşma tərzidir. İranın indiki Ali dini lideri Xamneyi İranı atom bombasına malik dövlət etmək istiqamətində fəaliyyət göstərir. Yaxınlarının davranışından anlaşılan budur ki, İranın atom silahına malik olması indiki ali dini lider Xamneyinin şəxsi, siyasi və dini fəaliyyətinin kredosudur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR