Bank Of Baku

İran parlamentində Avropaya neft ixracını qadağan edən qanun müzakirə olunub

İran parlamentində Avropaya neft ixracını qadağan edən qanun müzakirə olunub
# 02 fevral 2012 02:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentində Avropa ölkələrinə neft ixracının dayandırılması ilə bağlı qanun layihəsi müzakirə edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, parlamentin iclasında İranın informasiya, təhlükəsizlik və kəşfiyyat, neft və iqtisadiyyat nazirləri də iştirak edib.
Müzakirələr zamanı İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Hüseyn İbrahimi çıxışında bildirib ki, məsələ mühüm olduğu üçün başqa fikirlərin də nəzərə alınması vacibdir: “İrana qarşı neft sanksiyasının Avropa Birliyinin öz qərarı olduğu, yoxsa ABŞ-ın təzyiqləri ilə qəbul edildiyi dəqiqləşdirilməlidir. Həmçinin bu qərarın tətbiq edilib-edilməyəcəyini də diqqətə almaq lazımdır”.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Tehran şəhərini təmsil edən Zöhrə İlahiyan isə bildirib ki, İrana qarşı neft sanksiyasına ölkə parlamenti səssiz qala bilməz: “İran Avropa Birliyindən əvvəl davranaraq Qərb ölkələrinə neft satışını qadağan edəcək. Qərb neft sanksiyasını İranda qarşıdan gələn parlament seçkiləri ərəfəsində qəbul etməklə yeni bir psixoloji müharibəyə başlayır və seçkilərin nəticələrinə təsir etməyə çalışır. Həmçinin bu qərar xalq arasında hökumətə qarşı münasibəti pisləşdirmək məqsədi daşıyır. Onlar belə bir addımla İran ictimaiyyətində iqtisadi etimadsızlıq atmosferi yaratmağa çalışır və öz medialarından da bu məqsədlər üçün istifadə edirlər”.
Qeyd edək ki, İran parlamentində Avropaya neft ixracının dayandırılması ilə bağlı müzakirələr aparılsa da, qanun layihəsi qəbul edilməyib. Qanunun İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının növbəti iclasında müzakirə edilməsinə qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR