Bank Of Baku

Ketrin Eşton İran hökumətindən gənc bloqqerlər barəsində çıxarılmış edam hökmünün ləğvini tələb edib

Ketrin Eşton İran hökumətindən gənc bloqqerlər barəsində çıxarılmış edam hökmünün ləğvini tələb edib
# 03 fevral 2012 07:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton yaydığı bəyanatda İranda jurnalistlərin kütləvi şəkildə həbsindən, ölkədə internetin məhdudlaşdırılmasından narahat olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, o bildirib ki, söz azadlığı hər kəsin ibtidai və əsas hüquqlarındandır: “Mən İranda jurnalistlərin və bloqqerlərin təqib və təzyiqlərlə üzləşməsindən ciddi narahatam. Təəssüf ki, son günlər İranda Səhaməddin Burqani, Pərəstu Dokuhəki, Səid Mədəni, Fərşad Qurbanpur, Ehsan Huşmənd, Şəhram Mənuçehri, Mərziyə Rəsuli, Arəş Sadiqi və Məhəmməd Süleymani Niya adlı jurnalistlər həbs olunub. Bundan əlavə, gənc bloggerlər Səid Məlekpur, Vəhid Əsğəri, Mehdi Əlizadə və Əhmədrza Haşımpur Allaha qarşı müharibə elan etməkdə və fəsad törətməkdə ittiham olunaraq edama məhkum ediliblər. Mən İran hökumətindən həbsdə saxladığı həmin jurnalistləri dərhal azadlığa buraxmağı və bloqqerlər barəsində çıxardığı edam hökmünü dərhal ləğv etməyi tələb edirəm”.
AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi İranın mübahisəli nüvə proqramı məsələsinə də toxunaraq bu ölkənin öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb: “Avropa Birliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə tam əməkdaşlıq etmir və uranın zənginləşdirilməsini davam etdirir. Mən hələ də İrandan “altılıq” ölkələri ilə müzakirələrin bərpası üçün məktubuma cavab almamışam. Bizim danışıqlar üçün qapımız hələ də açıqdır”.

K. Eşton əlavə edib ki, AB-nin İran neftinə tətbiq etdiyi sanksiyalar hökumətin gəlirlərinə öz təsirini göstərəcək: “Çünki neft İranın ixracatının 80 faizini, hökumət gəlirlərinin isə 70 faizini təşkil edir. Avropa Birliyinin İrandan neft idxalı isə 20 faizdir, artıq bundan gələn gəlirlər də kəsiləcək. Hazırda biz əksər ölkələri İrandan neft idxalına sanksiya qoymağa razı salmaq istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR