Çində varlı vətəndaşlar xaricdə saxladıqları aktivlərə tətbiq ediləcək vergi tələbləri səbəbindən ofşor trastlarını bağlamağa və səhmlərini satmağa başlayıblar.
“Reuters” agentliyinin məlumatına görə, Pekinin yeni tələbləri Çin vətəndaşlarının xaricdəki trastlardan əldə etdikləri gəlirləri bəyan etməsini nəzərdə tutur.
Hökumət müvafiq bəyannamələrin təqdim edilməsi üçün son tarixi oktyabrın 22-si müəyyənləşdirib.
Yeni qaydalara əsasən, bu gəlirlərə 20 faiz vergi tətbiq ediləcək.
Məlumata görə, bəzi varlı şəxslər vergi öhdəliklərini azaltmaq məqsədilə səhmlərini satır, ofşor strukturlarını ləğv edir və vergi rezidentliyini dəyişdirməyi nəzərdən keçirirlər.
“Boston Consulting Group”un hesablamalarına əsasən, Çin vətəndaşlarının xaricdəki aktivlərinin ümumi həcmi təxminən 1,7 trilyon dollar təşkil edir.
Belə maliyyə strukturları xüsusilə səhmləri xarici birjalarda satılan Çin şirkətlərinin iri səhmdarları arasında geniş yayılıb.