İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Livan prezidenti Cozef Aunla telefon danışığı aparıb.
APA-nın Tehran bürosunun məlumatına görə, tərəflər Livandakı və regiondakı son hadisələri müzakirə ediblər.
Əraqçi söhbət zamanı İran İslam Respublikasının İsrailin Livana hücumlarının və təcavüzünün dayandırılmasına, eləcə də bu ölkənin cənubundakı ərazilərin işğalına son qoyulmasına xüsusi önəm verdiyini vurğulayıb.
O, Livan prezidentini son həftələr və günlər ərzində İranın həyata keçirdiyi diplomatik fəaliyyət və səylər barədə məlumatlandırıb.
Livan Prezidenti də regiondakı böhranların həllində diplomatik yolların prioritetliyini və zəruriliyini vurğulayıb.
Telefon danışığında İran İslam Respublikası və Livan hökumətləri arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, həmçinin iki ölkə rəsmiləri arasında təmas və danışıqların davam etdirilməsi məsələləri də müzakirə olunub.