İran hökuməti ölkə ərazisində virtual valyutaların mayninqinə icazə verib.
“APA-Economics”in məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidentinin rəsmi internet səhifəsində deyilir.
Yeni qərara əsasən, kriptovalyutalar onlarla bağlı riskləri nəzərə alınaraq istifadə oluna bilər. Bununla belə, virtual valyutalara hökumət tərəfindən dəstək verilməyəcək və bank kartları ilə təmin olunmayacaq.
Bundan başqa, kriptovalyutalar daxili tranzaksiyalarda istifadə oluna bilməz və onlardan digər sənaye sahələrində olduğu kimi vergi tutulacaq.
Qeyd edək ki, son aylar ərzində İran hökuməti ölkədəki mayninq fermalarını məhdudlaşdırmışdı. Buna səbəb İranda elektrik enerjisinin ucuz olduğundan insanların kriptovalyuta əldə etməsi cəhdlərinin kəskin artımı olub. Bu isə öz növbəsində əhalinin iqtisadi çətinliklərlə üzləşməsi və demək olar qarşısı alınmaz inflyasiya ilə əlaqədardır.