İrana tətbiq olunan sanksiyaların bir hissəsinin müddəti bu gün bitir.
APA xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kani “X” platformasında yazıb.
Kaninin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq, ballistik raket fəaliyyətlərinə və onların İrana və ya İrandan göndərilməsinə qoyulan bütün məhdudiyyətlər 18 oktyabr 2023-cü il tarixindən etibarən qüvvədən düşür:
“Təhlükəsizlik Şurasının qətnamələri kontekstində İrana qarşı artıq heç bir məhdudiyyət tətbiq olunmur. Bu gündən etibarən İranın xarici ölkələrdəki aktivlərinin dondurulması da daxil olmaqla, 2231-ci qətnamə ilə bağlı tərtib edilən siyahı üzrə fiziki və hüquqi şəxslərə tətbiq olunan bütün məhdudiyyətlər qüvvədən düşür, siyahı BMT-nin saytından silinəcək”.
İran XİN rəhbərinin müavini həmçinin əlavə edib ki, İrana qarşı sanksiyaların, hər hansı məhdudiyyətlərin tətbiqinin davam etdirilməsi və ya yenilərinin tətbiq edilməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin mahiyyətini və məzmununu açıq şəkildə pozmuş olacaq.